Mayın 19-da Azərbaycan Dövlət Film Fondunda tanınmış təsvir rejissoru – kinooperator, fotoqraf-rəssam Fikrət Əsgərovun (1943-2013) anadan olmasının 80 illiyinə hər olunmuş tədbir keçirilib.
Tədbirdə sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi nümayiş olunub.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözündə Fikrət Əsgərovun Azərbaycan kinosundakı fəaliyyəti haqqında məlumat verib, onu həssas və estetik gözəlliyi sevən bir insan kimi xatırladıb.
Xalq artistləri – kinorejissorlar Oqtay Mirqasımov və Əbdül Mahmudov, Əməkdar jurnalist Nadejda İsmayılova, Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov, Əməkdar artist Mirzə Ağabəyli Fikrət Əsgərov haqqında xatirələrini bölüşüblər.
Tədbirdə Fikrət Əsgərovun quruluşçu operator kimi lentə aldığı “Günlərin bir günü”, “Qayınana”, “Bizi bağışlayın!” və “Yük” filmlərindən fraqmentlər nümayiş etdirilib.