Bu il 125 yaşını qeyd edən Azərbaycan kinosuna Türkiyə televiziyası da yer ayırıb. Türkiyənin “Ulusal” televiziya kanalında hər həftə yayımlanan "Azərbaycan rüzgarı" proqramının budəfəki mövzusu milli kinomuz olub.

Proqramın müəllifi və aparıcısı Səidə Ömər bildirib ki, Azərbaycan  kinematoqrafının 125 illik tarixinə həsr olunmuş verilişdə milli kinomuzun yaranmasından, keçdiyi inkişaf yolundan bəhs edilib.

Verilişin qonağı gənc kinorejissor, İstanbul Universitetinin doktorantı Əli İmanov milli kinomuzun inkişaf yoluna nəzər salıb. O, həmçinin ustadı, görkəmli kinorejissor, Xalq artisti, bu il 80 illik yubileyini qeyd edən Oqtay Mirqasımovun da həyat və yaradıcılıq yolundan söz açıb. Bildirib ki, rejissor çəkdiyi maraqlı ekran əsərləri ilə Azərbaycan kinosunu zənginləşdirib, öz sənət məktəbini yaradıb.

Verilişə videoformatda qoşulan Oqtay Mirqasımov "Bir millət, iki dövlət" şüarını ifadə edərək Türk dünyasına xoş diləklərini çatdırıb. Rejissor "Azərbaycan rüzgarı"nda milli kinomuza yer ayırdığına görə tələbəsi Səidə Ömərə təşəkkürünü bildirib.

Qeyd edək ki “Azərbaycan rüzgarı” proqramı hər bazar Bakı vaxtı ilə saat 17:30-da yayımlanır. Televiziya layihəsi Azərbaycan Diasporuna Dəstək Fondunun yardımı ilə həyata keçirilir.

Mehparə Sultanova
Ankara