Bakıda Milli Məclisin və ATƏT Parlament Assambleyasının təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları mayın 23-də Zəngilan rayonuna səfər ediblər.

Səfərdə ATƏT PA-nın sədri Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri Daniyela Curoviç, ATƏT PA-nın baş katibi Roberto Montella, Litva Seyminin vitse-spikeri Yonas Yarutis, ATƏT PA-ya üzv dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Qonaqlar təyyarə ilə Zəngilan Beynəlxalq Hava Limanına gəliblər. Onlara hava limanının texniki imkanları barədə məlumat verilib.

Sonra heyət Zəngilan rayonunun Cahangirbəyli kəndinə gəlib. Şərqi Zəngəzur rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bu ərazilərin Ermənistanın işğalı altında olduğu dövrdə necə viran edilməsindən söz açıb, həyata keçirilən quruculuq işləri barədə danışıb.

ANAMA-nın sədr müavini Samir Poladov ərazidə basdırılan minalar və onların axtarışı barədə məlumat verib. Mina partlayışı nümayiş etdirilib.

Sonra qonaqlar Zəngilan şəhərində Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, yerlə yeksan edilmiş binaların qalıqlarına baxıblar.

Heyət Zəngilan rayonunun yenidən qurulan Ağalı kəndində də olub.