“Heydər Əliyev İli” çərçivəsində paytaxtdakı teatr-konsert müəssisələrinin bölgələrə qastrol səfərləri davam edir.

Mayın 23-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası (ADUF) Füzuli rayonunun Horadiz şəhərində konsert proqramı ilə çıxış edib.

Filarmoniyanın “Heydər Əliyev İli” çərçivəsində “El bilir ki, sən mənimsən...” adlı sayca dördüncü konserti Horadiz şəhərindəki Muğam Mərkəzində gerçəkləşib.

Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) rəisi Faiq Xudanlı, rayon Təhsil sektorunun müdiri Ramella Məmmədova, ADUF-nin direktoru Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, musiqi və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

Dövlət Uşaq Filarmoniyası kollektivinin bir-birindən maraqlı çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertin sonunda Kürdəmir RMİ-nin rəisi F.Xudanlı filarmoniyanın rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

Filarmoniyanın kollektivi rayon Heydər Əliyev Mərkəzinə ekskursiya edib, Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub.