Ölkəmiz beynəlxalq forumda təmsil olunub

 

24-26 may tarixlərində Özbəkistanın Buxara şəhərində “Kitab və mütaliə cəmiyyətin inkişafında strateji resurs kimi” adlı II Birlik Forum keçirilib. “Mərkəzi Asiya – 2023: elm, təhsil, mədəniyyət və biznesdə internet və kitabxana-informasiya resursları” mövzusunda XVI Beynəlxalq Konfrans çərçivəsində təşkil edilən tədbirdə ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov təmsil edib.

Konfransın plenar iclasında Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin vitse-prezidenti Vadim Duda, Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının (IFLA) prezidenti Barbara Lison, Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Yekaterina Kudrina, Tacikistan Milli Kitabxanasının direktoru Fayzalizoda Jumaxon Xol, Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumunun (eIFL) direktoru Rima Kuprite, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva və digər iştirakçılar çıxış ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov məruzə və təqdimatla çıxış edərək mütaliəyə marağın artırılması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi barədə danışıb. O, son illər istər iş proseslərində, istərsə də xidmət sahələrində innovasiyaların tətbiqinin Azərbaycan Milli Kitabxanasının qarşısında duran əsas vəzifələrdən biri olduğunu söyləyib və bu istiqamətdə görülən işlər, istifadəçilərin kitabxana-informasiya təminatında tətbiq edilən yeni layihələr barədə məlumat verib.

Direktor gənclərin mütaliə mədəniyyətinin formalaşması məqsədilə Milli Kitabxananın nəzdində yaradılan “Açıq kitabxana” layihəsi, kitabxananın saytında virtual rejimdə respublika kitabxanalarına, mütəxəssislərə “Metodiki xidmət”, “Sənədlərin sifarişi və elektron çatdırılması”, həmçinin “Virtual sifariş” və “Biblioqrafik sorğu” kimi xidmət növləri, “Musiqi kitabxanası” və “Audiokitab” layihəsindən danışıb. O, həmçinin mütəmadi olaraq virtual yolla istifadəçilərin ixtiyarına verilən digər zəngin sənəd-resurs kompleksi olan və əməkdaşlar tərəfindən yaradılan tammətnli elektron məlumat bazalarının hazırlandığını qeyd edib, tariximizə, mədəniyyətimizə, Qarabağ məsələsinə və digər mühüm sahələrə dair virtual sərgilərin hazırlandığını vurğulayıb. Kitabxanaların işinin daha da təkmilləşməsi prosesinə xidmət edən innovasiyaların tətbiqinin günün tələbi olduğu diqqətə çatdırılıb.