Putin: “Əsas vacib olan iki ölkə arasında ərazi bütövlüyünə dair razılığın olmasıdır, qalan məsələlər ikinci dərəcəlidir”

 

Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var.

Azərbaycan Prezidenti İlham Əliyev bunu mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib.

Azərbaycan Prezidenti Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanın təmsil olunduğu Avrasiya İqtisadi Birliyinin ali toplantısında qonaq qismində iştirak edib. Özbəkistan və Tacikistan prezidentləri iclasa videobağlantı vasitəsilə qoşulublar.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb: “Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük”.

Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulunun 3 dəfədən çox artığını diqqətə çatdıran İlham Əliyev deyib ki, ölkənin xarici borcu ümumi daxili məhsulun 9 faizdən az hissəsini təşkil edir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları isə xarici borcunu 10 dəfə üstələyir.

Azərbaycan Prezidenti vurğulayıb ki, bu gün qarşıda duran əsas məsələlərdən biri ixracın şaxələndirilməsidir: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşir. Ölkədə 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək”.

“Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir”, – deyən İlham Əliyev əlavə edib ki, Azərbaycanın gəmiqayırma imkanları bizim Xəzərdəki qonşularımıza da təqdim olunub və müvafiq sifarişlərin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır. Prezident onu da diqqətə çatdırıb ki, Azərbaycan Xəzər hövzəsində də ən böyük ticarət donanmasına malikdir. Bir ildə 15 milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.

Dövlət başçısı deyib ki, Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətli iştirakçısıdır. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir.

Prezident vurğulayıb ki, Azərbaycan həmçinin Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib: “Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyəcək, beynəlxalq dəmiryol marşrutlarının bir hissəsinə çevriləcək”.

***

İclasda çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərdən söz açaraq iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanımaq barədə razılığa gəldiklərini deyib. Bununla yanaşı o, Azərbaycanı guya Laçın dəhlizini bağlamaqda ittiham edib.

Daha sonra söz alan Prezident İlham Əliyev buna cavab verib: “Ermənistanın Baş naziri çıxışında ittihamlar səsləndirdi. Sizin də diqqət etdiyiniz kimi, mənim çıxışımda hər hansı ittihamlar irəli sürülmədi. Lakin mən bunu cavabsız qoya bilmərəm. Mən müzakirəni bir qədər başqa istiqamətə yönəltdiyimizi başa düşürəm. Lakin düşünürəm ki, bu, bir çoxlarına maraqlıdır. Azərbaycan heç bir dəhlizi bağlamayıb. Laçın-Xankəndi yoluna gəlincə, o açıqdır. Azərbaycanla Ermənistan sərhədində, hansı ki, sizin də tanıdığınız sərhəddə bütün beynəlxalq normalara uyğun olaraq, sərhəd-buraxılış məntəqəsi qurulub. Bu sərhəd-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir”.

Dövlət başçısı diqqətə çatdırıb ki, bugünkü gün həmin sərhəd-buraxılış məntəqəsindən Azərbaycanın Qarabağda yaşayan erməni sakinləri sərbəst şəkildə, maneəsiz Ermənistana gedə bilirlər. O cümlədən BQXK xətti ilə daşınan xəstələr, Xankəndi şəhərindən yola düşən təcili tibbi yardım maşınları da həmin yoldan maneəsiz keçib gedirlər.

“Düşünürəm ki, bu tribunadan əsaslandırılmamış ittihamlar irəli sürmək üçün istifadə etmək lazım deyil. Haqqında danışdığım Zəngəzur dəhlizinə gəlincə isə, əgər mənim çıxışıma diqqətlə qulaq asdınızsa, orda deyildi ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. İstənilən təşəbbüsü irəli sürmək bizim haqqımızdır, hansını ki, biz düzgün, legitim və ağlabatan hesab edirik, eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına cəlb olunan tərəflər və Rusiya tərəfindən dəstəklənir”, – deyə Azərbaycan Prezidenti fikrini yekunlaşdırıb.

***

Azərbaycanla Ermənistan arasında münasibətlərə iclasa sədrlik edən Rusiya Prezidenti Vladimir Putin də toxunub. O bildirib ki, əsas məsələ iki ölkə arasında ərazi bütövlüyünə dair razılığın olmasıdır. Dəhliz, yol terminləri əsas deyil, əsas vacib olan Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olmasıdır, qalan məsələlər ikinci dərəcəlidir.

“Bütün MDB ölkələri Birlik ərazisindəki münaqişələrin, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsində maraqlıdır. Ümid edirik ki, bu gün (25 may – red.) Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdə iqtisadi inkişaf maraqlarına uyğun razılaşmalar əldə olunacaq”, – deyə Rusiya Prezidenti vurğulayıb.

***

Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə geniş tərkibdə görüşü də olub.

İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığını bildirərək deyib: “Biz bu səyləri çox yüksək dəyərləndiririk. Bu gün keçiriləcək üçtərəfli görüşdə Sizin iştirakınız da Azərbaycan və Ermənistanın, nəhayət, sülh razılaşmasına gəlməsinə Rusiya Federasiyasının necə böyük əhəmiyyət verdiyini göstərir. Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik”.

***

Sonra Vladimir Putinin Ermənistanın hökumət başçısı Nikol Paşinyanla görüşü keçirilib.

Daha sonra Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş keçirilib.