Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 105 yaşı tamam olur. Bölgələrdəki mədəniyyət müəssisələrində 28 May – Müstəqillik Günü münasibətilə bir sıra tədbirlər keçirilib.

Ağcabədi Rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzi, Gənclər və İdman İdarəsi və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Cümhuriyyətin yaranmasından, fəaliyyəti dövründə görülən işlərdən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışıblar. Bildirilib ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkcən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Cümhuriyyətin siyasi və mənəvi varisi olmaqla, onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.

***

Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında “28 May – Müstəqillik Günü Azərbaycan tarixinin şanlı səhifəsidir” adlı tədbir keçirilib. Tədbirdə “Müstəqilliyimiz əbədidir” adlı sərgi nümayiş etdirilib.

***

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzi “Müstəqilliyimiz əbədi və sarsılmazdır” adlı konsert proqramı təşkil edib. Vətənpərvərlik ruhlu mahnı və şeirlər səsləndirilib.

***

Qəbələ rayon İncəsənət məktəbində keçirilən tədbirdə fortepiano və xalq çalğı alətləri şöbəsinin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

***

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Dövlətçilik salnaməsinin parlaq səhifəsi – 28 May” adlı tədbir keçirilib. Bildirilib ki, 1918-ci ildə ilk respublikamızın yaranması XIX əsrin sonu – XX əsrin əvvəllərində ölkəmizdə, eləcə də dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli oyanışının məntiqi nəticəsi idi. Əsrlər boyu müstəqillik, azadlıq həsrətində olan Azərbaycan xalqının ilk demokratik respublikası çox qısa bir müddət, cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biri olub. Tədbir Müstəqillik Gününə həsr olunan konsert proqramı ilə başa çatıb.

Balakən rayon Mədəniyyət Mərkəzi tərəfindən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında "Əsrlərə bərabər fəxarətli günümüz" adlı konsert proqramı təşkil edilib.

Qax rayon Mədəniyyət Mərkəzində "Cümhuriyyət fədailəri" adlı tədbir keçirilib. Çıxışlarda Azərbaycan Cümhuriyyətinin fəaliyyət dövrü, həyata keçirilən tarixi işlərdən bəhs olunub. Sonda "Müstəqildir Azərbaycan" adlı videoçarx nümayiş etdirilib.

***

Daşkəsən rayon Mədəniyyət Mərkəzi, rayon Gənclər və İdman İdarəsi və Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, Cümhuriyyətin dövlətçilik salnaməmizdəki yerindən danışıblar. Sonda sənədli film nümayiş olunub.

***

Ucar Tarix-Diyarşünaslıq Muzeyində “İstiqlal tariximiz” adlı sərgi təşkil edilib. Sərgidə Cümhuriyyətin fəaliyyətini əks etdirən fotolar, sənədlər, milli pul vahidləri nümayiş etdirilib.

Zərdab Tarix-Diyarşünaslıq Muzeyində "Müstəqillik Günü – şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş tarix" adlı tədbir keçirilib. Zərdab şəhər H.Aslanov adına 3 saylı tam orta məktəbı və 1 saylı məktəb-liseyin şagirdlərinin ifasında şeir və kompozisiyalar təqdim edilib.

***

Cəbrayıl rayon Mədəniyyət evinin təşkilatçılığı, rayon MKS, Böyük Mərcanlı kənd Uşaq incəsənət məktəbi və 10 saylı tam orta məktəbin tərəfdaşlığı ilə Qaracallı kənd klubunda "Müstəqilliyimiz əbədidir!" adlı konsert proqramı keçirilib.

***

Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Müstəqil dövlətçilik ənənələrini bərqərar edən və yaşadan lider” adlı tədbir keçirilib. Çıxış edənlər müasir müstəqil və güclü Azərbaycanın qurulmasında Ümummilli lider Heydər Əliyevin tarixi rolundan, xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu öndərin güclü iradəsi, zəngin siyasi təcrübəsi və hədsiz Vətən sevgisi sayəsində Azərbaycanın parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas olmasından söz açıblar.

***

Sabirabad rayon Heydər Əliyev Mərkəzi, Sabirabad regional "ASAN Xidmət" Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad nümayəndəliyi ilə birgə "Heydər Əliyev və milli qürur günümüz 28 May" mövzusunda tədbir keçirilib.

Şirvan şəhər Mədəniyyət Mərkəzinin Şirvan klubu şəhər Səməd Vurğun adına parkda "Müasir Azərbaycan, müstəqil dövlət" adlı konsert proqramı təşkil edib. Mərkəzin əməkdaşları, 2 və 9 saylı məktəblərin şagirdləri və başqaları mahnı, şeir və rəqs nömrələri ilə çıxış ediblər.

***

Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Yenilməz, qüdrətli, müstəqil Azərbaycan Respublikası" adlı tədbir keçirilib. Çıxışlarda Cümhuriyyətin yaranma tarixindən, 23 ay ərzində həyata keçirilən işlərdən, xalqımızın illər sonra yenidən müstəqilliyinə qovuşmasından və bu müstəqilliyin qorunub saxlanılmasında əvəzsiz xidmətləri ilə əbədiyyət qazanan Ulu öndər Heydər Əliyevin yürütdüyü uzaqgörən siyasətdən bəhs edilib. Sonda tədbir iştirakçıları Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən eksponat və sərgilərlə tanış olublar.

***

Tovuz rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzi, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və Tovuz Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Toy-büsatlı Vətənim" adlı konsert proqramı keçirilib. Abulbəyli kənd Folklor evində keçirilən tədbirdə məktəblilər, rayon ictimaiyyəti, mədəniyyət işçiləri iştirak ediblər.

Qazax rayon Heydər Əliyev Mərkəzi və rayon A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinə ilk tarixi-siyasi qiymət Heydər Əliyev tərəfindən verilib” adlı tədbir keçirilib. Məktəbin şagirdləri Vətənə, müstəqilliyə aid şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

***

Gəncə şəhər MKS Mərkəzi Kitabxanasının Uşaq şöbəsi K.D.Uşinski adına 29 nömrəli tam orta məktəblə birlikdə “Müstəqillik tarixi sərvətimizdir!” başlığı altında tədbir keçirib. Qeyd olunub ki, Cümhuriyyət cəmi 23 aylıq varlığına çox böyük işlər sığdırıb. Bədii hissədə şagirdlər Vətənə, müstəqilliyimizə aid şeirlər söyləyib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

***

Lerik rayon Heydər Əliyev Mərkəzində rayon Təhsil şöbəsi ilə birgə “Bir kərə yüksələn bayraq, bir daha enməz!” mövzusunda tarix dərsi keçirilib. Dərs zamanı şagirdlərə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında ətraflı məlumat verilib.

***

Bərdə rayon Heydər Əliyev Mərkəzində “Dövlətçilik, müstəqillik, milli birlik və vətənpərvərlik" mövzusunda tədbir keçirilib. Tədbirdə Bərdə Dövlət Rəsm Qalereyası, Bərdə Tarix-Diyarşünaslıq Muzeyi və Kəlbəcər rayon 45 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Hazırladı: N.Məmmədli