Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti Hacı İsmayılov Moskvada Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının iclasında ölkəmizi təmsil edib.

Konfederasiyanın prezidenti Mixail Şvıdkoyun rəhbərliyi ilə keçirilən iclasa Azərbaycanla yanaşı, qurumun digər üzvləri – Rusiya, Moldova, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və s. ölkələrin teatr ittifaqlarının nümayəndələri qatılıblar.

Konfederasiyaya daxil olan teatr ittifaqlarının fəaliyyəti məsələlərinə baxılıb, həmçinin beynəlxalq qarşılıqlı əməkdaşlığın inkişafına yönələn təkliflər irəli sürülüb.

İttifaq nümayəndələri Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının təsis etdiyi A.P.Cexov adına Beynəlxalq Teatr Festivalının açılış mərasimində iştirak ediblər, həmçinin festival çərçivəsində təqdim olunan Argentinanın "Vəhşi tanqo" şousunu (rəqslərin quruluşu Herman Kornexo), Rusiyanın A.S.Puşkin Teatrının "İki ağanın bir nökəri" (Karlo Qaldoni, rejissor Yuri Murovitski) və s. tamaşaları izləyiblər.

Beynəlxalq Teatr İttifaqları Konfederasiyası 1992-ci ildə Moskvada, MDB ölkələrinin teatr sahəsi üzrə yaradıcılıq təşkilatlarının təsisçiliyi ilə qurulub. Konfederasiyanın ilk prezidenti Rusiyanın tanınmış aktyoru və rejissoru, SSRİ Xalq artisti, SSRİ Teatr Xadimləri İttifaqının sonuncu sədri Kiril Lavrov olub. 2023-cü ilin yanvarından konfederasiyaya Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy rəhbərlik edir. 1992-ci ildən konfederasiyanın təşkilatçılığı ilə A.P.Cexov adına Beynəlxalq Teatr Festivalı keçirilir.