Baş planla tanışlıq, “İşğal” və “Zəfər” muzeylərinin, yaşayış məhəlləsinin təməlinin qoyulması...


Xəbər verildiyi kimi, Prezident İlham Əliyev mayın 27-28-də Laçın rayonunda olub.

Dövlət başçısı mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər, 28 May, Xosrov bəy Sultanov, Zəngəzur küçələrində lövhələrin açılışında iştirak edib.

Prezidentə Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verilib.

İlham Əliyev şəhərdəki 1 Dekabr küçəsində lövhənin açılışında da iştirak edib, bərpa olunmuş yaşayış evində yaradılan şərait ilə tanış olub.

Sonra dövlət başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.

Daha sonra Prezident İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev nəzərdə tutulan tədbirlər və görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu – İsveçrənin “SA Partners” şirkətinin iştirakı ilə hazırlanıb.

Şirkətin həmtəsisçisi və tərəfdaşı Dunya Kovari-Binggeli qeyd edib ki, Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, fəal rekreasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradacaq. Şəhər Laçın Beynəlxalq Hava Limanının yaxınlığında, beynəlxalq və respublika əhəmiyyətli bir sıra avtomobil yollarının kəsişməsində yerləşdiyi üçün şəhər regiona giriş qapısı funksiyasını daşımaqla çoxşaxəli inkişaf istiqamətlərinə malik olacaq. Laçın şəhərinin mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb.

Baş planın konseptual əsasını “Təbiətlə vəhdətdə olan şəhər” yanaşması təşkil edir. Layihədə təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir.

Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur.

Dövlət başçısı “İşğal” və “Zəfər” muzeylərinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub, son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış olub.

Prezident ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisinə Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib, sakinlərin və turistlərin istirahəti üçün nəzərdə tutulan kottec tipli evlərin inşası ilə tanış olub.

***

Qeyd edək ki, bu gün Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsinə çevrilir. Şəhər əsl tikinti meydançasını xatırladır. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır.

Hazırda yeraltı kommunikasiya xətləri tamamlanmaq üzrədir. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb.

Laçın şəhərinə girişdə bir neçə kilometri əhatə edən meyvə bağları göz işlədikcə uzanır. Şəhərə gedən yoldakı aşırımların ən yüksək nöqtəsindən açılan möhtəşəm mənzərəni seyr etmək üçün böyük terras qurulub. Laçının ətrafında vaxtilə Abdallar adlanan ərazidəki qədim kahalar bərpa olunaraq etnoqrafik turizm üçün maraqlı obyektlərdən birinə çevrilib.

Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Təkcə yol və binalar deyil, məkanın real coğrafi relyefini əks etdirən sal qayaların, yüksək zirvələrin, sıldırımların işıqlandırılması da Laçının gözəlliyini əks etdirir.