Azərbaycan Respublikasının milli bayramı, 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə müxtəlif ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan təbrik məktubları gəlir. Türk dünyasının təsisatları adından da Azərbaycan Prezidentinə təbrik məktubları ünvanlanıb.

Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyevin təbrik məktubunda deyilir:

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması mühüm tarixi hadisə kimi digər xalqlara örnək olmuşdur.

Müstəqilliyinin bərpasından keçən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olan Azərbaycan Respublikası Zati-alinizin müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, regional və beynəlxalq məsələlərdə fəal iştirakı, xüsusilə də sülhün, sabitliyin və əməkdaşlığın təşviqində göstərdiyiniz səylərlə regionun lider ölkəsinə çevrilmişdir.

Türk Dövlətləri Təşkilatına daim göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə bir daha dərin minnətdarlığımı bildirirəm. Əminliklə qeyd etmək istəyirəm ki, türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq ruhu daha da dərinləşəcək və Təşkilatımız yeni-yeni uğurlara imza atacaqdır.

Bu əlamətdar bayram münasibətilə yaranmış fürsətdən istifadə edərək, Zati-alinizə davamlı uğurlar arzulayır, bütün Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik diləyirəm.

***

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 28 May – Müstəqillik Günü münasibətilə dövlət başçısına təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

Möhtərəm cənab Prezident!

28 May – Müstəqillik Günü münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından, eləcə də öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Ötən illər ərzində Azərbaycan dövlətçiliyi şərəfli yol qət edərək beynəlxalq aləmdə öz sözünü deyən güclü dövlətə çevrilmişdir. Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində dövlətçilik ənənələri möhkəmlənmiş, iqtisadiyyat inkişaf etmiş, mədəniyyət zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir Azərbaycan vətəndaşı üçün əsl qürur mənbəyidir.

2023-cü il Azərbaycan üçün ən əlamətdar illərdən biridir. Bu il Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya miqyaslı siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd edilir. Heydər Əliyevin Azərbaycana qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı və dirçəliş erası başladı.

Həmçinin Azərbaycanın incisi Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Sizin yenilməz iradəniz, siyasi cəsarətiniz, hərbi səriştəniz sayəsində qəhrəman Azərbaycan Ordusu otuzillik işğala son qoyaraq, bu şanlı və tarixi Zəfər günlərini Azərbaycan və bütün türk xalqlarına yaşatdı.

Zati-alinizin təşəbbüsü ilə yaradılan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu il ərzində Azərbaycanda və ölkə hüdudlarından kənarda Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə və Qarabağın tacı Şuşaya həsr edilmiş müxtəlif layihələr gerçəkləşdirir.

Bu xüsusda Fond tərəfindən Azərbaycanın mədəniyyətinin təbliği, tarixi həqiqətlərinin çatdırılmasına, qarşılıqlı mədəni dialoqa töhfə vermək məqsədilə Türk dünyası ölkələrində müxtəlif tədbirlərimiz həyata keçirilib və bu istiqamətdə səylərimizi davam etdiririk.

Bu əlamətdar gün münasibətilə Sizi bir daha təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

***

TÜRKSOY-un baş katibi Sultan Raev də Azərbaycan Respublikasının Prezidentinə təbrik məktubu göndərib. Məktubda deyilir:

Hörmətli cənab Prezident!

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müstəqilliyinin 105-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası Zati-alinizin müdrik və uzaqgörən siyasəti nəticəsində siyasi, iqtisadi və mədəni sahələrdə böyük nailiyyətlər qazanaraq, regionda sülhün və əmin-amanlığın bərqərar olmasını təmin edib.

TÜRKSOY Zati-alinizin təşkilata dəstəyini, ümumtürk mədəniyyətinin təbliğində rolunu, eləcə də Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir.

Bu il 30 illik yubileyini qeyd edən TÜRKSOY ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli mədəni əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə və Azərbaycanın zəngin mədəni irsinin bundan sonra da təşkilatın beynəlxalq layihələrində layiqincə təbliğ olunacağına əmin ola bilərsiniz.

Bu xoş fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm.