Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.

İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirib və əmin olduğunu bildirib ki, Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Türkiyə Prezidenti təbrikə və xoş sözlərə görə İlham Əliyevə minnətdarlığını ifadə edib, eyni zamanda, Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti təbrikə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əminliklərini bildiriblər.

***

Azərbaycan Prezidenti mayın 28-də növbəti dəfə Türkiyənin dövlət başçısı seçilən Rəcəb Tayyib Ərdoğana təbrik məktubu da göndərib.

Məktubda deyilir:

Hörmətli cənab Prezident,

Əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti vəzifəsinə keçirilən seçkilərdə yenidən qazandığınız qələbə münasibətilə Sizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Azərbaycan xalqı da bu seçkiləri böyük diqqət və həyəcanla izləyirdi.

Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir.

Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır.

Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.

Əziz Qardaşım, fürsətdən istifadə edərək, Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm.

Əminəm ki, xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir.

Bu zəfər sevincinizi Sizinlə bölüşərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.