Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsində "Heydər Əliyev –  100" layihəsi çərçivəsində “Ruhumuzun binəsi” adlı mədəniyyət festivalı keçirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü, Sumqayıt şəhər MKS-nin S.Vurğun adına Mərkəzi Kitabxanası, N.Gəncəvi adına Kitabxana-Klubun birgə təşkilatçılığı ilə reallaşan festival Ulu öndərin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitab və rəsm sərgisinin nümayişi ilə başlayıb.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra yazıçı, ssenarist Hafiz Ataxanlı Ümummilli liderin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova və başqaları Ulu öndərin dövlət, millət qarşısındakı mühüm xidmətlərindən söz açıblar.

Sumqayıt şəhər Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin və Qubadlı rayon Xıdırlı kənd orta məktəbi şagirdlərinin ifasında Heydər Əliyevə və Müstəqillik Gününə həsr olunmuş şeir və mahnılar tədbirə rəng qatıb.

Sonra Sumqayıt şəhər MKS-nin S.Vurğun adına Mərkəzi Kitabxanasının oxucusu Dəniz İsmayılzadə tərəfindən H.Ataxanlının ssenarisi əsasında hazırlanmış "Xurşidbanu Natəvanın Şuşa düşüncələri bu gün" adlı monotamaşa təqdim olunub.