Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Vüsalə Salmanqızının 44 günlük Zəfər tarixinin qəhrəmanlarından bəhs edən “Zirvənin sahibləri” kitabının təqdimatı keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndələri, ali və orta təhsil müəssisələrinin müəllim, tələbə, şagird heyəti, şəhid ailələri, Qarabağ müharibəsinin iştirakçıları iştirak ediblər.

Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov, müəllif Vüsalə Salmanqızı, şəhid qəhrəmanlar general-mayor Polad Həşimovun anası Səmayə xanım, Cəbrayıl Dövlətzadənin anası Məleykə xanım, Xudayar Yusifzadənin anası Radə xanım, Arəstə Baxışovanın anası Məktubə xanım, Muxtar Qasımlının anası Almaz xanım  çıxış ediblər. Bildirilib ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuz tərəfindən ölkəmizin ərazi bütövlüyü təmin olunub, şəhidlərimizin qisası döyüş meydanında alınıb.

Qeyd olunub ki, kitabda şəhidlərin valideynlərinin, döyüş yoldaşlarının xatirələri ilə yanaşı, müəllifin özünün rəhbəri olduğu sinfin şagirdləri ilə şəhid ailələrində keçirdiyi görüşlərdən fotolar da yer alıb.

Uzun illər Vüsalə xanımla birgə çalışan məktəb kollektivinin nümayəndələri, müəllifi yaxından tanıyan jurnalistlər, mədəniyyət işçiləri onun hələ gənclik yaşlarından öz şagirdlərini Vətənə, xalqa sevgi, hərbi vətənpərvərlik ruhunda tərbiyə etməsindən danışıblar.

Tədbir boyunca Ulu öndər Heydər Əliyev, Müstəqillik Günü, Zəfər tarixi mövzularında videomateriallar nümayiş olunub. Əməkdar artistlər Ağalar Bayramovun, Yaqut Abdullayevanın, 170 nömrəli orta məktəbin şagirdlərinin ifasında şeirlər səsləndirilib.

Sonunda kitabxananın oxu zalında təşkil edilən 170 nömrəli orta məktəbin ibtidai sinif şagirdlərinin rəsm və əl işlərinin sərgisinə baxış olub. Müəllif kitabı kitabxanaya və qonaqlara hədiyyə edib, xatirə şəkilləri çəkdirilib.