Mədəniyyət Nazirliyi və Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi, Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin (MİM) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və 28 May – Müstəqillik Gününə həsr olunmuş "Dostluq görüşü" adlı tədbir keçirilib.

Mayın 27-də təşkil olunan tədbirdən əvvəl Ulu öndərin Qazax şəhərindəki abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb. Sonra tədbir iştirakçıları Qazax rayon Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sənədlər və fotolarla tanış olublar. 

Qazax Şəhidlər xiyabanını ziyarət zamanı bildirilib ki, Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də digər döyüşlərdə Qazax rayonu ümumilikdə 344 şəhid verib. Onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qonaqlar Qazax Müəllimlər Seminariyası haqqında da məlumat verilib. Bildirilib ki, 1918-ci ildə fəaliyyətə başlayan seminariyanın tarixi binası 2021-ci ilin sentyabrından ADA Universitetinin rektoru professor Hafiz Paşayevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə əsaslı şəkildə yenidən qurulub, bir ildən sonra tələbələrin istifadəsinə verilib.

Qazaxın şair və yazıçıları, tarixi şəxsiyyətləri haqqında məlumatları özündə əks etdirən Fəxri Qazaxlılar parkı da ziyarət edilib.

Daha sonra tədbir Qazax şəhər Mədəniyyət Mərkəzində davam etdirilib. Mərkəzi İncəsənət Məktəbi Nəzəriyyə şöbəsinin müdiri musiqişünas Nabat Əsgərovanın aparıcılığı ilə konsert proqramı təqdim olunub. Bir-birindən maraqlı musiqi nömrələri alqışlarla qarşılanıb.

Tədbirin sonunda MİM-in direktoru Əməkdar artist Əziz Qarayusifli çıxış edərək göstərilən diqqət və qayğıya, qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib.

Ağstafa RMİ-nin Qazax rayon üzrə nümayəndəsi Valeh Vəliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov və başqaları çıxış edərək Heydər Əliyevin mədəniyyətimizin inkişafına diqqət və qayğısından danışıblar.

"Dostluq görüşü" mayın 28-də “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialına və Göyəzən dağına ekskursiya ilə başa çatıb.