Sabirabad şəhərindəki Qurban Namazəliyev küçəsində yerləşən 4952 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsində qanunsuz təmir-bərpa işlərinin aparıldığı aşkar edilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilib və təmir-bərpa işləri dərhal dayandırılıb.

Diqqətə çatdırılıb ki, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.

Əks halda aparılan hər hansı təmir-bərpa işləri tarixi abidəyə müdaxilə hesab edilir və abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması kimi qiymətləndirilir. Bu da öz növbəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Faktla bağlı qanuna müvafiq tədbirlər görülür.

***

Xəbər verdiyimiz kimi bir neçə gün öncə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən 4300 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparıldığı aşkar olunmuşdu.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ərazidə aparılan inşaat işləri ilə bağlı qanuna müvafiq tədbirlər həyata keçirilir. Artıq qanunsuz olaraq tikilən hasar sökülüb.

Tarixi abidənin mühafizə zonasında tikinti işlərinin qarşısının alınması və yenidən təkrarlanmaması üçün aidiyyəti dövlət orqanlarına da müraciət olunub. Abidənin mühafizəsinin gücləndirilməsi istiqamətində də tədbirlər görülür.