Azərbaycanın Müstəqillik Günü münasibətilə Almaniyanın Bavariya əyalətinin Erlangen şəhərində tibb üzrə təhsilini artıran Hüseyn Kamalzadənin təşəbbüsü ilə “De Villa” Mədəniyyət Mərkəzində gecə təşkil edilib. Tədbirdə Bakı Media Mərkəzinin istehsalı olan "Son iclas" bədii-sənədli filmi (2018) nümayiş olunub.

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu ekran əsərində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu (aprel 1920) ərəfəsində baş verən proseslərdən bəhs olunur, Cümhuriyyətlə yarımçıq qalan milli dövlətçiliyin müasir Azərbaycan Respublikası ilə davam etdiyi vurğulanır. Filmin ssenari müəllifi Müsəllim Həsənov, rejissoru Fuad Əlişov, operatoru Rəşad Nuriyev, prodüseri Orman Əliyevdir.

Mərasim Erlangen şəhər meriyasının və Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə keçirilib. Tədbirdə şəhər rəsmiləri, soydaşlarımızla bərabər türk, yəhudi və digər icmaların təmsilçiləri iştirak ediblər.

Filmin nümayişindən sonra müzakirələr aparılıb, qonaqlara Azərbaycanın Müstəqillik Günü haqqında məlumat verilib.