Mayın 31-də paytaxtın Səbail rayonundakı M.Rahim adına 7 nömrəli tam orta məktəbdə Rusiyanın “Maşa və Ayı” cizgi serialının Abdulla Şaiqin “Tıq-tıq xanım” mənzum nağılının motivləri əsasında çəkilmiş növbəti buraxılışının təqdimat mərasimi keçirilib.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir Abdulla Şaiqin Mənzil-Muzeyi və 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə reallaşıb. Tədbirdə məktəbin müəllim və şagirdləri, valideynlər, İctimai TV-nin yaradıcı heyəti, Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşları iştirak ediblər.

Filmin nümayişindən əvvəl məktəbin foyesində Abdulla Şaiqin əsərlərinin səyyar sərgisi nümayiş olunub. Həmçinin təhsil ocağının rəqs kollektivinin ifası təqdim edilib, məşhur cizgi serialının baş qəhrəmanı Maşanın dilindən “Məlikməmməd” nağılı nümayiş olunub.

Məktəbin direktoru Könül Təhməzova çıxış edərək əməkdaşlığa görə muzeyin rəhbəri Ülkər Talıbzadəyə təşəkkürünü bildirib. Deyib ki, zəngin tərbiyəvi irs yadigar qoyan Abdulla Şaiq gələcək nəsillər tərəfindən də seviləcək.

İctimai TV-nin nümayəndələri Cavid Abbasov və Ramina Əliyeva qeyd etdilər ki, böyük tamaşaçı auditoriyasına malik cizgi serialında Azərbaycan nağıllarından bəhs olunması Azərbaycan folklorunun, ədəbiyyatının, mədəniyyətinin yeni nəsil uşaqlara çatdırılması, xarici ölkələrdə təbliğ olunması baxımından böyük əhəmiyyətə malikdir. Rusiyanın “Animakkord” studiyasında istehsal edilən cizgi serialında Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqin “Tıq-tıq xanım” mənzum hekayəsi, Azərbaycan nağılı “Cırtdan” Maşanın dilindən nəql edilir. “Maşa və Ayı” ölkəmizdə yeganə yayım hüququna malik olan İctimai TV tərəfindən Azərbaycan dilinə dublyaj edilib.

Sonda məktəbin direktoruna və İctimai TV-nın nümayəndələrinə muzeyin nəşrləri hədiyyə olunub.