Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 105-ci ildönümü münasibətilə Türkiyə televiziyalarında xüsusi proqramlar yer alıb.

“Ulusal” televiziya kanalında hər həftə yayımlanan "Azərbaycan rüzgarı" proqramının budəfəki mövzusu da Azərbaycanın 28 May – Müstəqillik Gününə həsr olunub.

Proqrama videobağlantı ilə qoşulan Azərbaycan Xalq Cümhuriyyətinin  qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bayram münasibətilə hər kəsi təbrik edib və Müstəqillik Günü ilə bağlı təəssüratını bildirib. 

Daha sonra proqramda Ankara Universitetinin rektoru Necdet Unüvar, Qazi Universitetinin rektoru Musa Yıldız, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü İsmayıl Safi, İstanbul Aydın Universitetinin Qəyyumlar Şurası (Mütevelli Heyet) başqanı Mustafa Aydın və Türkiyənin məşhur müğənnisi Muazzez Ersoyun təbrikləri təqdim edilib.

Cümhuriyyət qurucuları və Azərbaycanın milli birliyi üçün mübarizə aparan dövlət adamları ehtiramla yad edilib, qədim tarixə malik olan Azərbaycanın bu günündən, Qarabağ Zəfərindən, Türkiyə-Azərbaycan müttəfiqliyindən bəhs olunub.

Proqramın müəllifi və aparıcısı Səidə Ömər tərəfindən Əhməd Cavad, Cəfər Cabbarlı və Məmməd Arazın şeirləri şəsləndirilib, Azərbaycanla bağlı videoçarxlar göstərilib.

Qeyd edək ki, proqram Azərbaycan Diasporuna Dəstək Fondunun yardımı ilə  hər bazar günü Bakı vaxtı ilə saat 17:30-da yayımlanır.

Mehparə Sultanova
Ankara