Mayın 31-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Apelyasiya Şurasının növbəti iclası keçirilib. Nazir müavini Səadət Yusifovanın sədrliyi ilə keçən iclasda Apelyasiya Şurasının üzvləri – İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov, Hüquq şöbəsinin müdiri Gülər Mikayılova, Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədov, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Daxili nəzarət və audit şöbəsinin müdiri Cavid Əliyev, Sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov iştirak ediblər.

İclasda Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) 13 yanvar 2023-cü il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı 14 nəfər namizədin apelyasiya şikayətləri nəzərdən keçirilib. 14 nəfərdən 3-ü iclasda iştirak etməyib.

İclas zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilib, DİM tərəfindən təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən, Şura üzvlərinin hazırladığı rəylər müzakirə olunub. O cümlədən iclasa qatılmayan 3 namizəd (Səxavət Ağayev, Babək Cəfərov, Nisə İmanova) ilə keçirilmiş müsahibənin nəticəsinə dair rəylər onların iştirakı olmadan müzakirə edilib.

Şura üzvlərinin səsverməsi ilə iclasda baxılan məsələlərə dair qərarlar qəbul olunub.

Apelyasiya Şurasında qəbul edilən qərarlara əsasən, 3 nəfər – Aişə Əliyeva, Çimnaz Həsrətova və Zəhra Kazımova ilə keçirilmiş müsahibələrin nəticəsi dəyişdirilib və onlar iddia etdikləri vəzifəyə uyğun hesab edilib.

11 nəfər – Nizami Muradov, Aydan Süleymanlı, Elşən Xəlilov, Ələfsər Ələfsərli, Leyla Məmmədova, İbrahim Heydərov, Alpay Şərifli, Nadir Həsənov, Səxavət Ağayev, Babək Cəfərov və Nisə İmanovanın şikayətləri ilə əlaqədar qəbul edilən qərarlara əsasən, həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilməyib.