1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunan gün 1950-ci ildən dünya miqyasında qeyd olunur. Əlamətdar günlə bağlı ölkəmizdə də hər il müxtəlif tədbirlər keçirilir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında əlamətdar gün münasibətilə bir sıra materiallar hazırlanıb.

Fransız yazıçısı Jül Vernin “Kapitan Qrantın uşaqları”, Astrid Lindqrenin “Uzuncorab Pippi” kitablarına dair “Book trailer”lər, əlamətdar gün haqqında videomaterial və ənənəvi kitab sərgisi təşkil olunub.

Videomaterialda bu günün tarixi, Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyasından, uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər haqqında məlumat verilir.

Videomaterialda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlərin Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənməsinə dair məlumatlarla yanaşı, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara sevgisi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğısı öz əksini tapıb.

Materialda Respublika Gənclər Kitabxanasında məktəblilər üçün təşkil edilən ekskursiyalar, görüşlər, tədbirlər də yer alıb. Kitabxana gənclər profilli olsa da, fondda kiçikyaşlı oxucuların mütaliə tələbatını ödəyəcək çoxlu sayda Azərbaycan, rus və ingilis dillərində uşaq ədəbiyyatı mövcuddur ki, bu kitablar da videomaterialda yer alıb.

Ənənəvi sərgidə isə mövzu ilə əlaqəli son dövrlərdə çap olunan kitablar nümayiş olunur.