İsrail Prezidenti: “Bizim ortaq baxışımız var. Aramızdakı bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir”

 

Azərbaycanda yaşayan yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar. Bu gün bu, təkcə Azərbaycanın uğurlu inkişafı, mədəniyyətlərarası sülh və dostluq üçün yox, eyni zamanda, bizim ikitərəfli münasibətlərimiz üçün mühüm amildir.

Prezident İlham Əliyev bu sözləri mayın 30-da Bakıda İsrail Prezidenti İsxak Hersoq ilə görüşdən sonra mətbuata bəyanatında deyib.

İsrailin dövlət başçısının Azərbaycana səfərini yüksək qiymətləndirən İlham Əliyev qeyd edib ki, bu, ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. İki ölkə arasında əməkdaşlığın son vaxtlar xüsusilə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu il İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və daha sıx əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

Azərbaycanın İsrailə xam neftin etibarlı təchizatçısı olduğunu və enerji sahəsində sıx əməkdaşlığın qurulduğunu diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, hazırda ticarət dövriyyəmiz 1,7 milyard dollardan çoxdur, eyni zamanda növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə əməkdaşlıq layihələri üçün böyük imkanlar olduğunu deyən İlham Əliyev digər sahələrdəki potensiala da diqqət çəkib: “Biz, həmçinin irriqasiya və kənd təsərrüfatı sahəsində planlarımızı və artıq görülmüş işləri müzakirə etdik. Nisbətən bu yaxınlarda əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq”.

Prezident İlham Əliyev iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığını xüsusi qeyd edib: “Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır”.

Dövlət başçısı görüş zamanı qarşılıqlı turist axını səviyyəsinin qaldırılması ilə bağlı aparılan müzakirənin də əhəmiyyətini qeyd edib: “Həftədə yalnız dörd reys var və hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir və bunun təkcə mövsümi əsasda yox, – çünki adətən yay vaxtlarında daha çox uçuşlar olur, – daimi əsasda edilməsi tapşırılmışdır. Həmçinin İsraildə daha çox təqdimat imkanlarının araşdırılması da tapşırılmışdır ki, biz İsraildən daha çox turisti buraya dəvət edə bilək”.

Prezident bu xüsusda Azərbaycanda yaşayan yəhudi icmasının, eləcə də İsraildə Azərbaycan diasporunu təmsil edən keçmiş həmvətənlərimizin qarşılıqlı münasibətlərdəki rolunu diqqətə çatdırıb: “Bilirəm ki, İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın, sadəcə, 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında, belə deyək, mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir”.

Prezident İsxak Hersoq da mətbuata bəyanatında İsrail və Azərbaycan arasında bugünkü əlaqələrin mühüm tarixi kökləri olduğunu vurğulayıb. “Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən arzudur” deyən İsxak Hersoq qeyd edib ki, bu səfər İsrail xalqı üçün və Azərbaycan xalqı ilə İsrail xalqı arasında birgə əlaqələr baxımından böyük əhəmiyyət kəsb edir: “Bizim əlaqələrimizin dərin kökləri var. Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır”.

İsrail Prezidenti qeyd edib ki, müsəlman ölkəsi olan Azərbaycanla sıx münasibətlər, millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir: “Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”.

İki ölkə arasında bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanları olduğunu deyən İsxak Hersoq bu imkanların realizə edilməsini səbirsizliklə gözlədiyini deyib.

Qeyd edək ki, mayın 30-da Azərbaycan və İsrail prezidentlərinin iştirakı ilə iki ölkənin müvafiq nazirlikləri arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı imzalanıb.

***

Prezident İsxak Hersoq mayın 30-da Bakıda, Heydər Əliyev Mərkəzində İsrail Dövlətinin Müstəqillik Günü (14 may) münasibətilə təşkil olunan rəsmi qəbulda çıxışı zamanı ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətini bir daha vurğulayıb. Qeyd edib ki, bu il İsrail öz müstəqilliyinin 75-ci ildönümünü qeyd edir. Eyni zamanda ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illik tarixi var. İki ölkənin müstəqillik günləri bir-birinə yaxın tarixlərdə qeyd olunur. Ölkələrimiz arasındakı sıx əlaqələr yalnız qarşılıqlı marağa deyil, hər şeydən əvvəl ortaq dəyərlərə əsaslanır: “Yəhudilər üçün Azərbaycan təhlükəsiz məkandır, onlar burada inkişaf edib, öz mədəniyyətlərini qoruyub saxlayıblar. Yəhudilər yalnız öz icmaları çərçivəsində deyil, Azərbaycanın zəngin siyasi və mədəni mühitində də tərəqqi tapıblar. Bu, kiçik məsələ deyil. Dinlərarası əməkdaşlıq və xalqlararası tolerantlıq, qarşılıqlı hörmət hər iki ölkənin üstünlük verdiyi dəyərdir”.

Mərasimdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova da bildirib ki, Azərbaycanla İsraili qarşılıqlı hörmət və etimada əsaslanan əsl dostluq münasibətləri birləşdirir. Mərasimdə İsrail Prezidentinə Azərbaycan xalçası hədiyyə olunub.

***

İsrail Prezidenti səfər əsnasında mayın 31-də Azərbaycandakı yəhudi icması ilə də görüşüb.

“Tarix göstərir ki, yəhudi xalqı ilə azərbaycanlılar arasında münasibətlər dərin köklərə malikdir. Yüz illərdir ki, Azərbaycan yəhudiləri Azərbaycan mədəniyyətinin və siyasətinin zəngin toxumasının bir hissəsidir. Dinlərarası əməkdaşlıq, mədəniyyətlərarası tolerantlıq, hörmət irsi bu dövrdə xalqlarımız üçün zamanın tələbidir və hamımızın dünyaya verdiyi hədiyyədir”, – deyə o, görüş barədə “Twitter” hesabında bildirib.