Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyasının şagirdləri mayın 30-da Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

Layihənin məqsədi məktəblərarası yaradıcılıq əlaqələrinin möhkəmlənməsi, eyni zamanda məktəb-studiyanın musiqi elmi və təhsili sahəsində qazandığı təcrübə uğurları ölkəmizin uşaq musiqi məktəbləri ilə paylaşmasıdır.

İlk olaraq konsertin aparıcısı, məktəb-studiyanın böyük elmi işçisi Şəfəq Hacıyeva çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi inkişafı və möhkəmləndirilməsi yolunda əvəzsiz xidmətlərindən söz açıb. O, eyni zamanda Ulu öndərin elm və mədəniyyətin inkişafına diqqət və qayğısından bəhs edib.

Sonra səhnə ifaçıların ixtiyarına verilib. Məktəb-studiyanın şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini böyük şövqlə ifa ediblər. Rəngarəng musiqi nömrələri alqışlarla qarşılanıb.

Konsertin ərsəyə gəlməsində məktəb-studiyanın müəllim kollektivi ilə yanaşı, təcrübəçi tələbələr də iştirak ediblər.

Konsertin sonunda Musiqi məktəbinin direktoru, vaxtilə məktəb-studiyanın məzunu olmuş Vüqar Hacıyev qonaq kollektivə uğurlu çıxış münasibətilə təbriklərini çatdırıb, təşəkkür edib.