Xəbər verildiyi kimi, Azərbaycan UNESCO-nun daha bir qurumuna – “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyası İştirakçı Dövlətlərinin İclasının Yardımçı Komitəsinə üzv seçilib.

Bununla bağlı mayın 30-da UNESCO-da 1970-ci il Konvensiyasına tərəf ölkələrin 7-ci sessiyası gedişində İkinci Seçki Qrupundan (Şərqi Avropa və Mərkəzi Asiya) səsvermə keçirilib. Olduqca rəqabətli səsvermədə 1970-ci il Konvensiyasına tərəf 125 ölkə iştirak edib və Azərbaycan 112 dövlətin dəstəyini qazanıb.

Xatırladaq ki, UNESCO-nun 1970-ci il Konvensiyası üzrə Yardımçı Komitədə 4 il müddətinə seçilən 18 ölkə təmsil olunur. Üzvlərdən yarısı iki ildən bir yenilənir.

Yardımçı Komitənin əsas funksiyalarına Konvensiyanın məqsədlərini təşviq etmək, iştirakçı dövlətlər tərəfindən UNESCO Baş Konfransına təqdim edilmiş milli hesabatları nəzərdən keçirmək, Konvensiyanın həyata keçirilməsinə töhfə verə biləcək tövsiyələrin və təlimatların hazırlanması, problemli vəziyyətləri, o cümlədən mədəni sərvətlərin qorunması və qaytarılması ilə bağlı məsələləri müəyyən etmək, mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə potensialın gücləndirilməsi tədbirləri ilə əlaqədar fəaliyyətlər və s. daxildir.

Yeri gəlmişkən, iyunun 3-də Azərbaycanın UNESCO-ya üzvlüyünün 31 ili tamam olur. Ölkəmiz indiyədək UNESCO-nun 10-dan çox konvensiyasına (o cümlədən 1970-ci il Konvensiyasına 1997-ci ildə) qoşulub.

Azərbaycan 2005-2019-cu illər ərzində İcraiyyə Şurasının, həmçinin bir sıra altkomitələrin üzvü olub. Hazırda ölkəmiz “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”nın Hökumətlərarası Komitəsində (2019-2023), Bədən tərbiyəsi və idman üzrə Hökumətlərarası Komitədə (CIGEPS; 2019-2023), Kommunikasiyanın inkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasında  (2019-2023) təmsil olunur.