İyunun 5-də Nizami Kino Mərkəzində “Millət naminə” bədii-sənədli filminin təqdimatı olacaq. Film XIX ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm izlər qoymuş Qarabağın ünlü nəsillərindən olan Mehmandarovlar haqqındadır.

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2022-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan ekran əsərinin rejissoru Yavər Rzayev, ssenari müəllifləri Yavər Rzayev və Şuşa tarixinin tədqiqatçısı Vasif Quliyev, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Azər Hacıəsgərli, montaj rejissoru Elşad Rəhimov, prodüseri Nazim Hüseynovdur.

Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin dövründə xanlığın mehmandarı (xanlığa gələn yüksək qonaqları qarşılayıb yola salan) olmuş Mirzə Əli bəylə başlanan Mehmandarovlar soyunun nümayəndələri daha sonra Şuşada, Lənkəranda və Azərbaycanın digər bölgələrində yaşayıblar.

Bədii-sənədli filmin əsas qəhrəmanı Əbdülkərim bəy Mehmandarovdur. O, Peterburq Tibb-Cərrahlıq Akademiyasının məzunu olub, həkimlik fəaliyyəti ilə yanaşı XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlara qarşı şuşalıların mütəşəkkil müqavimətinin təşkilində xidmətlər göstərib, “Difai" təşkilatının Şuşa bölməsinə rəhbərlik edib. Filmdə kadrarxası səsin qəhrəmana ünvanladığı suallar və cavablar həm də dövrün ictimai-siyasi mənzərəsini ekrana gətirir.

Filmin çəkilişləri Bakıda və Şuşada, o cümlədən Mehmandarovların tarixi mülkündə aparılıb. Əbdülkərim bəy Mehmandarov rolunda Əməkdar artist Şövqü Hüseynov çəkilib.