İyunun 5-dən 11-dək Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək.
Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçiriləcək.
AYB-nin mətbuat katibi Xəyal Rza bildirib ki, festival paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının önündəki parkda təşkil olunacaq. Festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edəcəklər. Bundan əlavə, parkda tədbirlər üçün böyük səhnə qurulacaq. Tədbir hər gün bir ölkənin adı ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan) adlandırılacaq. Eyni zamanda elmi konfranslar, şeir saatları, imza günləri təşkil ediləcək, uşaq tamaşaları nümayiş olunacaq. Festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də gözlənilir.
X.Rza deyib ki, hər il iyunun 5-i ölkəmizdə "Şairlər günü" kimi qeyd edilir. Bu il XI "Şairlər günü" layihəsi II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı ilə birləşdirilərək ümumi formatda təşkil olunacaq.