İyunun 1-də Şimali Kipr Türk Respublikasının (ŞKTR) Bakı nümayəndəliyi tərəfindən qurumun təhsil və mədəniyyət müşaviri Tevfik Ulualın “Ürəyimdəki Azərbaycan” adlı fotosərgisi təşkil olundu. Sərgi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmişdi.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra Şimali Kiprin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşmasında böyük rolu olduğunu dedi. “Şimali Kipr Türk Respublikası və Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin inkişafında ölkələrimizin mədəniyyət, idman və sosial sahələrində əməkdaşlığı xüsusi yer tutur. Tevfik bəy qardaşlıq duyğusunun təsiri ilə bu gün sizlərlə fotoqraf gözü ilə çəkilmiş əsərlərini bölüşür. Buna görə ona təşəkkürümü bildirmək istəyirəm. Həmçinin diqqətinizə çatdırmaq istəyirəm ki, Tevfik bəy Azərbaycandakı fəaliyyətini başa vuraraq vətənə dönməyə hazırlaşır. Biz ona cansağlığı və bu illər ərzində gördüyü səmərəli fəaliyyətə görə təşəkkür edirik”, – deyə U.Turqaner qeyd etdi.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgidə iştirakından məmnunluğunu ifadə etdi: “Azərbaycanın görmədiyimiz və hələ də görə bilmədiyimiz bir çox gözəlliklərini bu gün sərgidə bizə nümayiş etdirdiyi üçün Tevfik bəyə təşəkkürlərimi bildirirəm”.

Sərgidə Bakı ilə yanaşı, Azərbaycanın cənubundan şimalına, şərqindən qərbinə qədər olan gözəl təbiətinin əks olunduğu fotolar nümayiş etdirilir.

Tevfik Ulual Türkiyə Cümhuriyyətinin 100 və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyləri çərçivəsində belə bir sərginin reallaşmasından məmnunluğunu ifadə edərək təşkilatçı və dəstək olanlara, eləcə də sərginin kuratoru Aqdes Bağırzadəyə təşəkkür etdi. O, Bakının mənzərəsini əks etdirən fotonu səfir Cahit Bağcıya hədiyyə etdi.

Çıxışlardan sonra qonaqlar fotosərgi ilə tanış oldular. Sərgidə 50-yə yaxın foto yer alıb.

Qeyd edək ki, Tevfik Ulual 2008-ci ildən fotoqrafiya ilə məşğul olur. O, 2019-cu ildə Şimali Kiprin Bakı təmsilçiliyində mədəniyyət və təhsil attaşesi olaraq fəaliyyət göstərir. “Ürəyimdəki Azərbaycan” fotoqrafın Bakıda ikinci sərgisidir.

L.Azəri