Azərbaycan Milli Xalça Muzeyində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival təşkil edilib.

Muzeyin Uşaq şöbəsi tərəfindən açıq havada təşkil olunan musiqili-əyləncəli festivalda müxtəlif rəqs qrupları, yaradıcı kollektivlər bir-birindən maraqlı ifalar təqdim ediblər.

Festival çərçivəsində həmçinin muzeyin Uşaq birliyi və “Uşaq musiqili teatr-studiyası” üzvlərinin iştirakı ilə şöbənin əməkdaşları tərəfindən səhnələşdirilən “O olmasın, bu olsun” tamaşasının premyerası keçirilib.

Tədbirdə Rusiyanın Penza şəhərindəki Dövlət Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində geyim dizaynı ixtisası üzrə təhsil alan tələbələrin “Stilizə olunmuş Azərbaycan milli geyimi” adlı sərgisi də nümayiş etdirilib.

Uşaq şöbəsinin “Nənəmin sandığından “fashion show” tədris proqramı çərçivəsində muzeyin balaca dostlarının ərsəyə gətirdikləri geyimlərdən ibarət “Məxmər “fashion show” moda nümayişi isə festivala xüsusi rəng qatıb.

Festivalda eyni zamanda ustad dərsləri, əyləncəli musiqili proqram da təşkil olunub.