İyunun 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Xəzər Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Unudulmaqda olan uşaq oyunları” festivalı keçirilib.

Festivalda uşaqlar “Bənövşə”, “Dəsmal aldı, qaç”, “Ənzəli”, “Çiləmə”, “Əl üstə kimin əli”, “Xan-vəzir” kimi oyunların yaranması və məzmunu barədə ətraflı məlumat alıb, həmçinin həmin oyunlarda iştirak ediblər.

Tədbirdə fərdi qaydada oynanan 5 oyun üzrə yarış da təşkil edilib. “Beş daş”, “Dəyirman”, “Usta-şagird”, “Çiling-ağac” və “Fincan-fincan” oyunları üzrə keçirilən yarışlarda uğur qazanan ilk 3 yerin qalibləri mükafatlandırılıb.

Tədbir boyu davam edən əyləncəli proqram uşaqlara bayram əhval-ruhiyyəsi bəxş edərək onların özəl gününə əlavə rəng qatıb.