Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan musiqisi günləri” keçirilir.

Özbəkistan Dövlət Konservatoriyasında təşkil olunan tədbirdə dövlət və hökumət nümayəndələri, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar iştirak ediblər.

AMM-in direktoru Samir Abbasov çıxış edərək “Azərbaycan musiqisi günləri”nin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edildiyini bildirib. O, Azərbaycanın zəngin mədəniyyəti, dünya sivilizasiyasına verdiyi töhfələr, milli musiqimiz, muğam sənətimiz haqqında məlumat verib, Azərbaycan və özbək xalqlarının tarixi yaxınlığı, dövlətlərimiz arasında günü-gündən inkişaf edən münasibətlərdən danışıb.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov Heydər Əliyevin Özbəkistanla Azərbaycan arasındakı əlaqələrin inkişafındakı müstəsna xidmətləri barədə söz açaraq Ulu öndərin anadan olmasının 100 illiyinin yalnız Azərbaycanda deyil, Türk dünyasının müxtəlif ölkələrində, o cümlədən Özbəkistanda da geniş qeyd olunduğunu diqqətə çatdırıb.

Daha sonra layihə çərçivəsində Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova "Can Azərbaycandan can Özbəkistana sevgilərlə" adlı konsert proqramı ilə çıxış edib. Azərbaycan və özbək mahnılarını ifa edən xanəndənin çıxışı alqışlarla qarşılanıb.

Konsertdə özbək estradasının ulduzu, əfsanəvi "Yalla" qrupunun solisti, Xalq artisti Fərrux Zakirov səhnəyə çıxaraq Gülyanaq Məmmədova ilə birgə Azərbaycan və özbək mahnılarını ifa edib. Özbəkistanda yaşayan tanınmış aşıq İlham Abdullayev milli oyun havalarımızı səsləndirib. AMM-in rəqs kollektivi isə milli rəqslərimizi təqdim edib.