Xəbər verdiyimiz kimi, Ombudsman tərəfindən ənənəvi olaraq, hər il 18 may – 18 iyun tarixləri arasında ölkəmizdə “İnsan hüquqları aylığı” elan olunub.

Aksiya çərçivəsində Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Ombudsmanın Cənub Regional Mərkəzinin təşəbbüsü ilə “İnsan hüquq və azadlıqlarının təminatı” başlığı altında R.Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində tədbir keçirilib. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı gerçəkləşən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ağamməd Şənmədov bildirib ki, Azərbaycanda insan hüquqlarının inkişafı siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda insan hüquqları sahəsində ilk Dövlət proqramı Prezident Heydər Əliyev tərəfindən təsdiq edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi insan hüquqları siyasətinin artıq milli strategiya kimi formalaşıb, dövlət başçısı tərəfindən təsdiq edilmiş insan hüquqlarına dair Milli Fəaliyyət Planı və Proqramı ilə insan hüquqları sahəsində yeni inkişaf mərhələsinin əsası qoyulub. Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də insan hüquqlarına, xüsusilə də uşaq hüquqlarının qorunmasına xüsusi diqqət göstərilir.

Muzeyin direktoru Əntiqə Tağıyeva və Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov İnsan hüquqları üzrə müvəkkilin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirdiyi tədbirlər və beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs edərək insan hüquq və azadlıqlarının qorunmasının dövlətin ali məqsədi olduğunu diqqətə çatdırıblar.

Sonda məktəblilərlə mövzu ətrafında aparılan sorğuda fərqlənənlərə kitab hədiyyə olunub.