Vaşinqtonda Azərbaycanın Müstəqillik Günü (28 May) və Silahlı Qüvvələri Günü (26 İyun) münasibətilə rəsmi qəbul təşkil olunub.

Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkil etdiyi tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson, müdafiə katibinin Avrasiya, Rusiya və Ukrayna məsələləri üzrə köməkçisinin müavini Laura Kuper və Oklahoma Milli Qvardiyasının qərargah rəisi, briqada generalı Kolbi Vatt iştirak ediblər.

Tədbirə 30-a yaxın ölkənin səfirləri, hərbi attaşelər, ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri, yəhudi təşkilatlarının və müxtəlif tədqiqat mərkəzlərinin rəhbərləri və nümayəndələri qatılıb.

Səfir Xəzər İbrahim çıxışında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycan-ABŞ münasibətlərinin qurulması və inkişafına verdiyi əvəzsiz töhfələrdən bəhs edib, ölkələrimiz arasında strateji tərəfdaşlıq və əməkdaşlıqdan söz açıb.

Hər iki Qarabağ müharibəsinin iştirakçısı olan Azərbaycanın ABŞ-dakı hərbi attaşesi Rüstəm Gözəlov Silahlı Qüvvələrimizin şanlı tarixindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən danışıb.

Çıxışlardan sonra ABŞ-ın Vaşinqton şəhərinin meri Muriel Bauzer tərəfindən 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə imzalanmış bəyannamə oxunub.

Qəbul zamanı ölkəmizin Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə aid videoçarxlar nümayiş etdirilib. Bədii hissədə ABŞ-da yaşayan həmvətənimiz Məryəm Nəcəfzadə “Sarı gəlin” və “Koroğlu” operasından musiqi əsasında milli rəqslərimizi ifa edib.