Olaylar, faktlar (5–8 iyun)

 

419 il əvvəl...

 

8 iyun 1604-cü ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1603-1612) gedişində I Şah Abbasın qoşunları İrəvan qalasını ələ keçirib. Osmanlının nəzarətindən çıxan İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verilib. Bundan bir qədər əvvəl Səfəvi qoşunları Təbrizi Osmanlıdan geri almışdı. 1580-ci illərdə tərəflər arasındakı müharibədə indiki Azərbaycanın əksər əraziləri (Lənkəran-Astara bölgəsi istisna olmaqla) Osmanlının nəzarətinə keçmişdi.

 

359 il əvvəl...

 

6 iyun 1664-cü ildə Britaniya ilə Niderland arasında Amerikadakı müstəmləkələrə nəzarət uğrunda müharibə başlayıb. İlk döyüşdə Britaniya qoşunları qalib gələrək Nyu-Amsterdam şəhərini ələ keçiriblər. İngilislər şəhərin adını dəyişərək Nyu-York qoyublar.

 

118 il əvvəl...

 

7 iyun 1905-ci ildə Norveç-İsveç uniyasına (ittifaq) son qoyulub. Norveç parlamenti (Stortinq) ölkədə keçirilmiş referendumun nəticələrini nəzərə alaraq ittifaq sazişini pozmaq barədə qərar çıxarıb. Norveç müstəqil krallıq olub. Norveç-İsveç uniyası 1814-cü ildə iki ölkə arasında müharibənin nəticəsi olaraq imzalanmışdı. Müharibədə qalib gələn İsveç Norveçi ittifaqa məcbur etmişdi.

 

103 il əvvəl...

 

6 iyun 1920-ci ildə Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan başlanıb. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar Zaqatala qalasını, Qaxı və ətraf əraziləri ələ keçiriblər. Rusiyanın XI ordusunun bölgəyə yeridilən hissələri iyunun 16-da üsyanı yatırıb. Hafiz Əfəndi dəstəsi ilə Gürcüstan ərazisinə keçib.

 

76 il əvvəl...

 

5 iyun 1947-ci ildə ABŞ-nin dövlət katibi Corc Marşall Harvard Universitetində etdiyi çıxışında Avropa dövlətlərinə yardım proqramını açıqlayıb. Tarixə “Marşall planı” kimi düşən bu proqrama əsasən, ABŞ hökuməti 4 il ərzində Avropanın 16 dövlətinə (SSRİ və onun təhriki ilə Şərqi Avropanın sosialist düşərgəsi yardımdan imtina etdi) ümumilikdə 13 milyard dollar yardım göstərdi.

 

68 il əvvəl...

 

5 iyun 1955-ci ildə “Varşava müqaviləsi” qüvvəyə minib. 1955-ci il mayın 14-də Varşavada SSRİ və daha 7 sosialist ölkəsi tərəfindən bağlanan pakt NATO alyansına cavab olaraq yaradılmışdı. 1991-ci il iyulun 1-də “Varşava müqaviləsi” özünü buraxdı.

 

56 il əvvəl...

 

5 iyun 1967-ci ildə Yaxın Şərqdə “Altıgünlük müharibə” başlanıb. İsrail ordusu Misir, Suriya, İordaniya və İraqın birləşmiş qüvvələrini qısa müddətdə (10 iyun) məğlub edərək, Misirin Sinay yarımadasını, Suriyanın Qolan təpələrini ələ keçirdi. Misir hökuməti ABŞ və Britaniyanın İsraili dəstəkləməsinə etiraz olaraq Süveyş kanalını bağladı. Dünya gəmiçiliyi üçün böyük əhəmiyyət daşıyan kanal yalnız 1975-ci ildə açıldı. 1979-1980-ci illərdən Misirlə aparılan Kemp-Devid (ABŞ) danışıqlarına əsasən, İsrail Sinayı tərk etdi.

 

51 il əvvəl...

 

5 iyun 1972-ci ildə Stokholmda (İsveç) ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfrans başlayıb. Həmin il dekabrın 16-da BMT Baş Assambleyasının 27-ci sessiyasında 5 iyun Dünya Ətraf Mühit Günü (World Environment Day) kimi təsis olunub.

 

31 il əvvəl...

 

7 iyun 1992-ci ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəsmi məlumata görə, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy 59,4 faiz səslə qalib gəlmişdi.

Hazırladı: V.Orxan