İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində “Üç nəsil – bir konsert” adlı musiqi axşamı təqdim olundu.
Konsertdə Xalq artisti, tanınmış violonçel ifaçısı Rasim Abdullayev qızı Ülviyyə Abdullayeva (fortepiano) və nəvəsi Anastasiya Mişula (violin) ilə birgə səhnəni bölüşdülər.
Konsert eyni ailədən olan üç nəsil musiqiçinin səhnədə görüşməsi ilə yanaşı, Ülviyyə Abdullayeva ilə İspaniya rəssam və heykəltaraşı Nani Boronatın 2017-ci ildə əsasını qoyduqları “Centinelas” (“Mühafizəçilər”) adlı layihənin davamıdır. Layihənin emblemində Azərbaycan və ispan mədəniyyətinin iki memarlıq simvolu kimi Bakıdakı Şirvanşahlar Sarayı və Qranadadakı Əlhambra Sarayı seçilib.
Layihə üzrə ilk konsert 2022-ci ilin may ayında Münxendə (Almaniya) keçirilib. Həmin layihədə İspaniyadan Manuel de Falla, Enrike Qranados və İsaak Albenisin, Azərbaycandan isə Qara Qarayev və Günay Mirzəyevanın əsərləri səsləndirilmişdi. BMM-də təqdim edilən “Üç nəsil – bir konsert” bu silsilədən Bakıda ikinci konsertdir. Amma bu dəfə Nani Boronatın səhnə heyəti olmadan. Beləliklə, pianoçu Ülviyyə Abdullayeva öz doğma şəhərində “Əlhambradan Şirvanşahlara qədər” layihəsi üçün yeni material təqdim etmək təşəbbüsünü, məsuliyyətini və meyarlarını öz üzərinə götürərək yeni bir proqram təqdim etdi.
Konsertdə Q.Qarayev, A.Qlazunov, O.Zülfüqarov, S.Raxmaninov, A.Piazolla və digər bəstəkarların əsərləri alqışlarla qarşılandı.
Lalə