İyirminci əsr Azərbaycan aşıq sənətinin həm ifaçılıq, həm də yaradıcılıq sahəsindəki uğurlarının ləyaqətli daşıyıcıları olan qüdrətli saz-söz ustalarına könül borcumuz çoxdur. Onların sazı-sözü, ifaçılıq məharəti illər, onillər boyu ruhumuzu oxşadı, sənət zövqümüzü biçimləndirdi, dizimizə taqət, ürəyimizə təpər verdi. XX əsrin 30-50-ci illərində Aşıq Mirzə, Aşıq Əsəd, Şirvanlı Mirzə Bilal, Qaraçıoğlu İbrahim, Sadiq Sultanov, Xındı Məmməd, İslam Yusifov və Qara Mövlayevin şərəfləndirdiyi sənət meydanı sonrakı onilliklərdə sevgi və nisgillə xatırlandı:

Mahaldan-mahala atını sürdün,
Ağır toylar gördün, məclislər gördün.
Gəlinlər gətirdin, qızlar köçürdün,
Çox nəmərlər aldın, ay Mirzə dayı –

deyib kövrələn Xalq şairi Hüseyn Arifin həmin dönəmi yuxu kimi, nağıl kimi əzizləməsi günü bu gün də saz-söz əhlinin ürəyindəndir.

Əllinci illərdən Aşıq Şəmşirin, Hüseyn Cavanın, Mikayıl Azaflının, Əmrah Gülməmmədovun sənətə gətirdiyi ab-hava yeni bir saz-söz nəslini qanadlandırdı. Bu sırada Hüseyn Saraçlı, Kamandar Əfəndiyev, Şakir Hacıyev, İmran Həsənov, Murad Niyazlı, Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və başqa istedadlı saz-söz ustadının adını çəkmək olar. Bu yerdə,  “Onların içində biri də vardı”, – deyə, sadaladığım siyahıda böyük bir boşluğun olduğunu söyləsələr, ad çəkilməsə belə, hər kəsin ürəyindən Aşıq Əkbər Cəfərovun adı keçər. Təkcə adı keçməz, unudulmaz şaqraq səsi, hamını heyrətdə qoyan möcüzəli zənguləsi, şirin, məlahətli danışığı, sözü-söhbəti keçər...

“Hamını heyrətdə qoyan” deyərkən yadıma amerikalı musiqişünas professor Alan Lomaksın Aşıq Əkbərin səsini dinləyib onun sehrində qalaraq söylədiyi sözlər düşdü. 1964-cü ildə təqribən otuz yaşında olan cavan Əkbər və balabançısı Müseyib Abbasov Moskvada keçirilən Beynəlxalq Musiqi Festivalında çıxış etdiyi zaman bənzərsiz ifadan heyrətə və vəcdə gələn professor Alan Lomaks özünü saxlaya bilməyib deyir: “Mən həyatım boyu çox yerlər gəzmişəm və çox gözəl səslər eşitmişəm. Ancaq sənin səsin kimi gur, şaqraq və məlahətli səsə ilk dəfədir ki, rast gəlirəm”.

Həmin tədbirdə Aşıq Əkbərlə birlikdə olan unudulmaz aşıqşünas alimimiz Əminə Eldarova belə bir məqamı ayrıca vurğulayırdı: “Festivalda dünyanın müxtəlif ölkələrini təmsil edən yüzlərlə istedadlı ifaçı varıydı. Alan Lomaks bizim dilimizi bilməsə də, məhz Aşıq Əkbərin gözəl ifası yüzlərlə ifa arasından onu özünə çəkmişdi. O, Əkbərin ifasında bir neçə mahnını lentə yazdırdı, bir müddət sonra isə, eşitdiyimə görə, həmin mahnıları iki milyon tirajla ayrıca val halında buraxdırdı. Üstündən uzun illər keçəndən sonra 2006-cı ildə Bakıya gələn başqa bir amerikalı musiqişünas professor Anna Oldflid həmin lent yazısının bir nüsxəsini mənə bağışladı. Alan Lomaks Əkbərin möcüzəli səsi barədə bizə dediklərini orada da söyləyir. Bu böyük musiqişünas 2002-ci ildə dünyasını dəyişib”.

Aşıq Əkbər ifaçılıq ləmsinə görə Aşıq Mirzə Bayramovun məlahətli səs-oxu üslubunu davam etdirirdi. Ancaq onun bülbültək cəh-cəhi təkrarsız gözəlliyə malik idi. Adətən saz havası aşığın səsini, ifasını tamamlayıb gözəlləşdirir. Əkbərin bənzərsiz şirinliyə malik olan səsi isə tamam başqa bir mənzərə ortaya qoyurdu. O, oxuduğu zaman səsində çağlayan möcüzəli məlahət saz havalarını gözəlləşdirirdi. “Ovşarı”, “Şahsevəni”, “Kərəm gözəlləməsi”, “Qəhrəmanı”, “Mirzəcanı”, “Çoban bayatı”, “Göyçə gözəlləməsi”, “Aşıq Söyünü” sırasından olan neçə-neçə saz havasının ifa biçimində onun səs möhürü var. İndi bu havalar adətən Əkbər ləmsində, onun müəyyənləşdirdiyi oxu biçimində ifa olunanda adama xoş gəlir. Çünki onların ən nümunəvi ifası məhz Əkbər səsi, Əkbər ifası ilə yaddaşlara köçmüş, ürəklərdə yuva bağlamışdır.

Hansı məclisdə olmasından asılı olmayaraq, Əkbər həmişə ürəkdən oxuyardı. Oxuduğu zaman ürəyi səsində görünürdü, işıq kimi, nur kimi bərq vururdu səs çalarları. Tanrı ona boy-buxun, yaraşıq verəndə səxavətini əsirgəməmişdi. Bu səbəbdən Əkbər təkcə səsiylə yox, görkəmiylə, üz-gözünün nuruyla, mehriylə də məclisə yaraşıq gətirərdi. Sazı bağrına basanda başqa bir aləmdən gələn mələkmisal bir adama bənzəyirdi.

***

Əkbərin ifa və oxu tərzində, məclis aparmağında, əgər belə demək mümkünsə, bir ziyalılıq var idi. Çox ölçülü-biçili danışırdı, hərəkət plastikasına, etik davranış normalarına xüsusi diqqət yetirərdi. Mərifət, qanacaq, abır-həya, ləyaqət kanıydı. Əli də açığıydı, könlü də!

İfa etdiyi havanın müxtəlif məqamlarındakı zil-bəm keçidlərini, eləcə də bir havadan başqa havaya adlama manerasını o qədər böyük ustalıqla həyata keçirirdi ki, gerçəkləşdirdiyi sənət məharətinə heyran qalmaya bilmirdin. İfa boyu vurduğu güllər, boğaz qaynatmaları, zəngulələr də bir ayrı aləmiydi. Oxuduğu zaman nümayiş etdirdiyi səs gözəllikləri o qədər çoxqatlı və zəngin idi ki, səsinin hansı nöqtəsinə diqqət yetirirdinsə, məlahət görürdün, şirinlik dadırdın. Bunun bir səbəbi də Aşıq Əkbərin sazla bərabər “balabanı – balaban elmini” dərindən bilməsi idi. O, sənət aləminə balabançı kimi gəlmiş, sonra aşıqlığa adlamışdı. Havanın uyğun bir yerində sazla balabanı deyişdirmək ənənəsini də o yaratmışdı.

Aşıq Əkbər hələ sağlığında böyük bir ifaçılıq məktəbi yaratmışdı. Onun ləmsində oxuyanların miqyası doğma Tovuzun hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Göyçədə, Gəncədə, Kəlbəcərdə, Gədəbəydəki davamçılardan başqa, Təbriz-Qaradağda, Zəncanda da “Əkbər yolu” gedənlərin sayı beş deyil, on deyil. Bu gün o taylı-bu taylı Azərbaycanın elə bir mahalı, elə bir obası tapılmaz ki, orada Əkbərin adı bilinməsin, ifası sevilməsin. Hətta sazdan-sözdən uzaq adamlar belə “Ögey ana” və “Böyük dayaq” filmlərində oxuyan aşığa – Əkbər Cəfərova heyranlıqlarını gizlədə bilmirlər.

***

Zəngin söz və havacat repertuarı var idi Aşıq Əkbərin. Çoxlarından fərqli olaraq Şirvan havalarına da dərindən bələdiydi. Otuzdan yuxarı dastanı yerli-yataqlı bilirdi. Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Molla Cuma kimi qüdrətli söz ustadlarının əksər şeirləri onun sinəsindəydi. Tovuzdan çıxan aşıqlar və el şairləri haqqında ən mötəbər qaynaq da onun yaddaşıydı. Ömrünün son illərində min bir zəhmət bahasına “Tovuzun qırx gülü” adlı bir kitab da hazırlayıb “Yazıçı” nəşriyyatına təqdim eləmişdi. Deyəsən, arada-bərədə itə-bata düşdü...

Sözün-havanın axar-baxarına çox həssasıydı. Gözəl oxumağından əlavə, səliqə-sahmanlı, ürəyəyatan deklamasiyası da var idi. Aşıq şeirlərinin elə gözəl açıqlamasını verirdi ki, söz sərrafı olduğu o saat bilinirdi. Təbii ki, bu səbəbdən özünün də söz-düzüb qoşmaq meyili var idi. Səsindəki-ifasındakı məlahət və  mükəmməlliyə çatmasa da, Əkbər sinəsindən pərvazlanan qoşmalar, gəraylılar, hər necə də olsa, Əkbər yadigarıdı, ondan bizə qalan könül ərməğanıdı:

Əkbər nəğmə dedi bir də çöllərə,
Oynayan şimşəyə, axan sellərə.
Töküldü ağ yağış, qovuşdu dərə,
Təzə sular gəldi, çay təzələndi.

Burada yaz yağışının poetik lövhə şəklində canlandırılması sözügedən təbiət hadisəsinin özü qədər təbiidir. “Töküldü ağ yağış, qovuşdu dərə” misrasındakı peyzajın gözəlliyinə baxın: şıdırğı yaz yağışı elə tökülür ki, dərənin dərə olduğu bilinmir, yağış onu görünməz eləyib!

Yola saldım ötüb gedən yazları,
Yaş ötdükcə təzələdim sazları,
Dünən “əmi” dediklərimin qızları,
Bu gün mənə “Əkbər əmi” dedilər –

bəndindəki xəlqi kolorit və poetik səmimiyyət də unudulmazdır.

Cəmi əlli altı il yaşayan “Əkbər əmi”nin – Aşıq Əkbərin 1990-cı ildəki qəfil itkisi onun sənətinin vurğunlarını nə saznan, nə də söznən ovuda bildi. Biz də ustad sənətkarın vaxtsız vəfatından sarsıldıq və bu şeir yazıldı:

Yayın ortasında, yaylaq çağında,
Bülbüllər bülbülü bizdən ayrıldı.
Qəfil xəzan əsdi ömür bağında,
Cığırdan çəkildi, izdən ayrıldı.

Belə yaratmışdı onu Yaradan,
Sözü şəhdi-şəkər, özü nur adam.
Başı açılmazdı qonaq-qaradan,
Məclisdən çəkildi, sözdən ayrıldı.

Duyğular sayrışan ürəyi vardı,
İlin hər çağında könlü bahardı.
Səsində bülbüllər cəh-cəh vurardı,
Hayıf ki tez soldu, yazdan ayrıldı.

Yanıb Orxan Paşam, qorda qalıbdı,
Həsrətli gözləri yolda qalıbdı,
Tanrının insafı harda qalıbdı –
Əkbər köç eylədi, sazdan ayrıldı...

***

...Sazın-sözün nə demək olduğunu bilən hər kəs Aşıq Əkbərin adamın ruhuna dalğa-dalğa yayılan məlahətli səsindən doymur, onu ürəyinin, canının qidası, dərmanı sayır. Sözün əsl mənasında, ilğıma bənzəyən bu səs o qədər həlim və mehribandır ki, ona yoldaşlıq eləyib səfərə çıxmaq, onunla birlikdə uzun bir yol getmək hər bir saz sevdalısının ürəyindən olur. Dinlədikcə dinləyirsən, yormur, usandırmır Əkbərin səsi. Səni daim uğura, işığa çağırır bu səs. Ən yorğun, əzgin-üzgün çağında, hətta xəstə vaxtında belə qoluna girib ayağa qaldıra bilir, ümidə doğru, sabaha doğru aparır. Bu baxımdan Aşıq Əkbər səsi dünənin nisgilli xatirəsində qalan bir səs deyil, bu günün-sabahın yarasına məlhəm qoyan, sevən ürəklərin işığını artıran, bütün zamanların gözəl duyğularını sığal çəkə-çəkə qanadlandıran və sözügedən bənzərsiz keyfiyyətlərinə görə ulu Tanrının müqəddəs dərgahından gəldiyinə heç bir şübhə yeri qoymayan ilahi bir sədadır. Əkbər səsinin, Əkbər sənətinin loğman möcüzəsi, sirli-sehrli şəfası, inşallah, heç bir zaman tükənməyəcək...

Məhərrəm Qasımlı
Əməkdar elm xadimi, professor