Mayın 3-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib.

AMEA-dan bildirilib ki, əvvəlcə tədbir iştirakçıları foyedə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan alim və ziyalılarının bu kimi mötəbər konfranslar vasitəsilə Ümummilli Lider Heydər Əliyevin böyük xatirəsi qarşısında öz mənəvi borclarını yerinə yetirdiklərini, böyük şəxsiyyətə dərin hörmət və ehtiramlarını nümayiş etdirdiklərini bildirib. O, konfransın həm də elmimizin, ictimai fikrimizin hesabatı xarakteri daşıdığını vurğulayıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu kimi konfranslarda təqdim olunan məruzələr, çap olunan materiallar, aparılan fikir mübadilələri elmimizin inkişafına da öz töhfəsini verməkdədir.

AMEA rəhbəri “Heydər Əliyev İli” çərçivəsində akademiyada 31 konfransın keçirilməsinin nəzərdə tutulduğunu bildirib, Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş 16 konfransın artıq öz işini yekunlaşdırdığını diqqətə çatdırıb. O, həmçinin “Heydər Əliyev İli”ndə AMEA-da ümumilikdə 21 kitabın nəşrinin planlaşdırıldığını deyib, bugünədək konkret elmi problemə həsr olunmuş və akademik üslubda yazılmış 13 kitabın işıq üzü gördüyünü qeyd edib. İsa Həbibbəyli AMEA-da bu istiqamətdə keçirilmiş mötəbər konfranslar haqqında da məlumat verib. Akademik uzun illər ərzində ölkəmizdə Heydər Əliyevin şəxsiyyəti, irsi və fəaliyyətinin elmi-populyar dildə təbliğ olunduğunu, hazırda isə Azərbaycanda Heydər Əliyevşünaslıq elminin formalaşdığını və sistemli elmi araşdırmalara başlanıldığını diqqətə çatdırıb. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya ölkələri arasında söz sahibi olan dövlətlərdən birinə çevrildiyini deyən akademik ölkəmizin artıq inkişaf etmiş ölkələr sırasında olmaq yolunda uğurla addımladığını vurğulayıb. Alim bugünkü konfransın da bu inkişafın əsas istiqamətərindən biri olan Qafqazda sülh, təhlükəsizlik, iqtisadi əməkdaşlıq, mədəni proseslər və s. məsələlərə həsr olunduğunu diqqətə çatdırıb, tədbirin işinə uğurlar arzu edib.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva isə ölkəmizin ötən əsrin 90-cı illərinin əvvəllərində düşdüyü siyasi və iqtisadi böhran vəziyyətindən danışıb, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikanın ən çətin vaxtlarında hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitliyə nail olunduğunu söyləyib. O, Ümummilli Liderin xalqda gələcəyə böyük inam yaratdığını, qısa bir zamanda ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu vurğulayıb.

Gövhər Baxşəliyeva ölkəmizdə azərbaycançılıq ideologiyasının yaranmasının və inkişafının, respublikamızın dünya birliyinə inteqrasiyasının Ulu Öndərin adı ilə bağlı olduğunu deyib. Ümummilli Lider Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə, təhsilə və mədəniyyətə böyük diqqət yetirdiyini söyləyən alim Ulu Öndərin hakimiyyətə qayıdışından sonra, 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladıb. G.Baxşəliyeva bu gün də Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıb və ölkədə gedən nəhəng quruculuq işlərinin, gündən-günə güclənən iqtisadiyyatımızın, sürətlə inkişaf edən şəhər və rayonlarımızın və işğal altında olan torpaqlarımızın 44 günlük müharibədə azad edilməsinin bunun əyani təsdiqi olduğunu bildirib.

Tədbirdə Qafqazşünaslıq İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı respublika konfransı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, tədbirə AMEA-nın bir sıra institutları, Azərbaycan və Türkiyə universitetləri, digər elm və təhsil müəssisələrindən 70-dən çox alim və tədqiqatçının Heydər Əliyev və Qafqazda dövlətlərarası münasibətlər, təhlükəsizlik məsələləri, Qafqazda enerji, kommunikasiya layihələri, münaqişələrin həlli istiqamətində Heydər Əliyevin fəaliyyəti və digər məsələlər üzrə məruzələri təqdim olunub.

Musa Qasımlı daha sonra “Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyində Qafqaz məsələləri: ümumi elmi-nəzəri baxış” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda 6 bölmə iclasında məruzələr dinlənilib və müzakirələr aparılıb.

Sonda yekun dəyərləndirmə aparılıb.