АМЕА-nın Fəlsəfə və Sosiologiya İnstitutu və Belarus Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və mədəniyyətlərarası qarşılıqlı əlaqələrin fəlsəfəsi” adlı dəyirmi masa keçirilib.

Bu barədə AMEA-dan bildirilib. Dəyirmi masa Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və Belarus Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anatoli Lazareviçin moderatorluğu ilə keçirilib.

Tədbirdə professor İlham Məmmədzadə görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı fəaliyyətindən danışıb, onun irsinin öyrənilməsinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

“Tarixdə elə şəxsiyyətlər yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində son dərəcə böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli Liderimiz Heydər Əliyev də məhz belə bir tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin yarıməsrlik bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı, fəaliyyəti və zəngin irsi ilə bağlıdır”, - deyə İlham Məmmədzadə qeyd edib.

Dəyirmi masada Azərbaycan və Belarus alimləri Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzələrlə çıxış ediblər.

Sonda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu və Belarus Elmlər Akademiyasının Fəlsəfə İnstitutu arasında elmi əməkdaşlığa dair saziş bağlanılıb.