Tanınmış pianoçu Zoya Şuhatoviç (Shuhatovich) Vyanada Musiqi Teatrı Cəmiyyətində solo konsert proqramı ilə çıxış edib.
Proqramda görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatları laureatı, Xalq artisti Cövdət Hacıyevin (1917-2002) fortepiano sonatasının Vyanada premyerası da gerçəkləşib.
Azərbaycan musiqisində simfonizmin təşəkkülü və inkişafında xüsusi yeri olan C.Hacıyevin 1956-cı ildə bəstələdiyi “Birinci sonata“da xalq və aşıq musiqisinin çalarları əksini tapıb və bu xüsusiyyətlər bəstəkarın özünəməxsus üslubunda təqdim edilib.
Zoya Şuhatoviç bu ilin mayında Nyu-Yorkda, daha sonra Parisdə bu əsəri uğurla ifa edib. Azərbaycan bəstəkarının sonatasının parlaq virtuoz ifası tələbkar Vyana tamaşaçıları tərəfindən də alqışlarla qarşılanıb. Cövdət Hacıyevin doğum günü (18 iyun) ərəfəsinə təsadüf edən bu təqdimat Azərbaycan klassik musiqisinin Avropada təbliğinə mühüm töhfə olub.
Qeyd edək ki, Rusiyada doğulan Zoya Şuhatoviç hazırda ABŞ-də, Hyustonda yaşayır. Məşhur pianoçu Almaniya, Estoniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya və digər ölkələrdə bir sıra orkestrlərlə, eləcə də solo proqramlarla çıxış edib.