Regional xor müsabiqəsi başa çatıb

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Günəşə qovuşmaq istəyirəm mən...” adlı ikinci regional xor müsabiqəsi başa çatıb.

İyunun 13-də Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində müsabiqə qaliblərinin yekun konserti təşkil edilib.

İlk dəfə 2022-ci ildə keçirilmiş müsabiqədən ötən dövr ərzində xor kollektivlərinin inkişafı istiqamətində nəzərəçarpacaq işlər həyata keçirilib. Belə ki, builki müsabiqədə 13 uşaq musiqi, incəsənət məktəbinin xor kollektivi çıxış edib.

Konsertdə ilk üç yeri tutan xor kollektivləri ilə (Kürdəmir rayon Uşaq incəsənət məktəbi, Füzuli rayon İnşaatçılar qəsəbə Uşaq musiqi məktəbi, Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq musiqi məktəbi) yanaşı, müsabiqədə fərqlənən Beyləqan rayon Niyazi adına Uşaq musiqi məktəbinin xor kollektivi də çıxış edib.

Konsertin sonunda qaliblər mükafatlandırılıb. Həmçinin “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edən, tədris prosesində fərqlənən bir qrup müəllim fəxri fərmanla təltif olunub.

Xatırladaq ki, adını Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın “Elegiya” şeirinin misrasından götürən müsabiqə kollektivləri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru Xalq artisti Gülbacı İmanova, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim Aqil Qafulovun da yer aldığı münsiflər heyəti qiymətləndirib.