Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” və Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirlər çərçivəsində 13-17 iyun tarixlərində A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən “Kukla teatrları həftəsi” təşkil edilib.
Azərbaycan Dövlət Kukla Teatrının ev sahibliyi etdiyi sənət həftəsinə Gəncə, Qax, Salyanda fəaliyyət göstərən kukla teatrları qatılıb.
Mədəniyyət Nazirliyinin nümayəndələri, ədəbiyyat, incəsənət, teatr xadimlərinin də iştirak etdiyi açılış mərasimi ev sahiblərinin təqdimatında “Nağılvarı” adlı tamaşa çələngi ilə başladı.
Ardınca teatr həftəsində təmsil olunan kollektivlərin yaradıcılıq yolu haqqında qısa videoçarx təqdim edildi.
Sonra həftənin ilk qonaq kollektivi – Gəncə Dövlət Kukla Teatrının “Ana qaz” tamaşası nümayiş olundu.
Xalq şairi Rəsul Rzanın “Ana qaz” şeirinin motivləri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşasının quruluş müəllifi teatrın baş rejissoru Şamil Məmmədli, quruluşçu rəssamı Məhəmməd Hacıyev, xoreoqrafik həll müəllifi Fərmail Paşayev, musiqi tərtibatçısı Şamil Məmmədlidir.
Yeddi balasını itirən ana qazın faciəsini ifadə edən xoreoqrafik tamaşada Zülfiyyə Əliyeva, Naidə Namazova, Səməd Xanəhmədov, Yeganə Məmmədova, Elmar Vəliyev, Nərmin Şərifova və başqaları oynayırlar.
Alqışlarla qarşılanan nümayişin ardınca Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə gəncəli kuklaçılara fəxri diplom və xatirə hədiyyələri təqdim etdi.
***
Teatr bayramının ikinci günü (14 iyun) səhnə Qax Dövlət Kukla Teatrının yaradıcı heyətinə verildi. Qonaq teatr repertuarındakı “Xeyir və Şər” adlı pantomima kukla tamaşasını təqdim etdi.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsəri əsasında hazırlanmış tamaşanın quruluş müəllifi Əməkdar artist Yusif Abdurahmanov, quruluşçu rəssamı Mayis Abdullayevdir. Kukla texnikası ilə canlı plan, eləcə də pantomimanın sintezi olan birhissəli uşaq tamaşasında rolları Orxan Əminov, Araz Mehrablı, Nuru Mustafayev, Azər Kərimov, Aynurə Abbasova və Elnarə Razıyeva ifa edirlər.
***
İyunun 15-də salyanlı kuklaçılar tamaşaçı önünə çıxdılar. Salyan Dövlət Kukla Teatrının uşaqlarda kitaba, elmə, təhsilə maraq oyatmaq məqsədilə hazırlanan “Kəloğlanın sərgüzəştləri” əyləncəli nağıl-tamaşası balaca teatrsevərlər tərəfindən maraqla qarşılandı.
Komik məqamlarla zəngin tamaşanın səhnələşdirəni Ağaddin Babayev, quruluş müəllifi Rafiq Mirzə, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı Elvin İsayevdir. Rolları Röyal Qurbanov, Elşən İsmayıl, Nahid Rüstəmbəyli, Nərmin Hüseynli, Xuraman Qədirova, Böyükağa Mehdizadə ifa edirdilər.
Hər üç tamaşadan sonra Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qonaq kollektivlərə fəxri diplom və xatirə hədiyyələri təqdim etdi.
***
Teatr həftəsinin 4-cü günü ev sahibi kollektiv “Üç donuz balası” tamaşasını nümayiş etdirdi. Zəhmətsevərlik, özünə inam, ağıl ilə gücün birlikdə istənilən maneəni dəf etmək gücünü göstərən məişət mövzulu eyniadlı nümunə balacaların marağına səbəb oldu.
Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Səida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnı mətnlərinin müəllifi Sevinc Nuruqızıdır. Personajları teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Xəlilov, Ülviyyə Əliyeva, Elgün Həmidov, Adil Dəmirov, Cavid Telman, Araz Həsənov, Elmira Hüseynova və “Oyuq” teatr-studiyasının yetirməsi Adil İqbal canlandırırdı.
İyunun 17-də, teatr həftəsinin son günündə ev sahibi teatr repertuarından “Qar kraliçası” tamaşasını (A.Məmmədov) təqdim edəcək. Ardınca konsert proqramı olacaq.
Xatırladaq ki, layihə ölkəmizdə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etmək məqsədi daşıyır. Azərbaycan Dövlət Kukla Teatrında bütün tamaşa nümayişləri “açıq qapı” formatında reallaşıb.
Həmidə