Moskvada TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında çəkdiyi filmin təqdimat mərasimi keçirilib.
Türkiyənin Moskvadakı Səfirliyində təqdim edilən film Mixail Qusmanın “Hakimiyyət formulu” adlı silsilə televiziya verilişləri çərçivəsində çəkilib.
Tədbirdə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, bir sıra ölkələrin diplomatları iştirak ediblər.
Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar qeyd edib ki, Mixail Qusman “Hakimiyyət formulu” adlı verilişlə əlaqədar Rəcəb Tayyib Ərdoğan ilə bir neçə dəfə görüşüb. Sənədli film Prezident Ərdoğanın müstəsna siyasi karyerasını, onun müdrik liderliyini oxuculara çatdırır. Diplomat vurğulayıb ki, Türkiyə Rusiya ilə bütün sahələrdə münasibətləri möhkəmləndirməkdə qərarlıdır. O, həmçinin Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli dünya mümkündür” kitabını tədbir iştirakçılarına təqdim edib.
Mixail Qusman Rəcəb Tayyib Ərdoğan ilə ilk dəfə onun hələ Baş nazir olduğu dövrdə görüşdüyünü xatırlayaraq deyib: “Onunla dörd dəfə təkcə müsahibə səbəbi ilə və bir neçə dəfə müsahibədənkənar görüşmüşük. Onun heyrətamiz, təsiredici siyasi karyerasını müşahidə etmək imkanına malik olduğum üçün deməliyəm ki, mənim fikrimcə, Türkiyə belə bir dahi lideri olduğu üçün xoşbəxt ölkədir”.
M.Qusman “Hakimiyyət formulu” verilişlərinin artıq 22 ildən çoxdur efirdə olduğunu, onun qəhrəmanlarının sayının 400-ü ötdüyünü vurğulayıb. “Ərdoğan dörd dəfə söhbət etmək şərəfinə nail olduğumuz yeganə insandır: “Bu film 24 dəqiqə davam edir, lakin Ərdoğanın heyran doğuran siyasi tərcümeyi-halı çoxseriyalı filmə layiqdir”.