Bütün ümidsizliklərin açarı sevgi və inamdadır...
Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdırdığı növbəti uğurlu aksiyalarından biri də “Qonaq teatr” layihəsidir. Əsas etibarilə bölgə teatrlarını paytaxt teatrsevərləri ilə görüşdürüb, onların yaradıcılığını geniş auditoriya önünə çıxaran layihə Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə ilin sonunadək davam edəcək.
Hələlik cari teatr mövsümünün son qonaq kollektivi Sumqayıt Dövlət Dram Teatrı oldu. İyulun 3-də gənclər şəhərinin teatr təmsilçiləri repertuarlarındakı baxımlı nümunələrdən birini – Türkiyə yazıçısı Turqut Özakmanın eyniadlı əsəri əsasında hazırlanan “Ocaq” tamaşasını ATXİ-nin səhnəsində (“Aktyor evi”) təqdim etdilər.
Nümayişdən öncə səhnəyə çıxan ATXİ-nin sədr müavini Xalq artisti Hacı İsmayılov 150 yaşlı peşəkar milli teatrımızın son 55 ilində öz yeri, öz payı olan Sumqayıt teatrı haqqında qısa məlumat verdi, sənət ocağının ötən zaman ərzində özünəməxsus ənənə formalaşdıra bildiyini dedi.
Teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov paytaxtda teatrsevərlərlə bu görüşün, fərqli auditoriya ilə ünsiyyətin onlara əsl bayram ovqatı bəxş etdiyini bildirdi, onlara bu imkanı yaradan layihənin ideya müəlliflərinə və təşkilatçılara təşəkkür etdi.
Sonra Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi “Ocaq” tamaşası nümayiş olundu.
Sıxıntılar içində yaşayan bir ailənin faciəsi kontekstində cəmiyyət, zaman və insan problemlərinin ön planda olduğu tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.
Birhissəli səhnə əsərində rolları Əməkdar artistlər Növrəstə Həşimova, Xatirə Süleymanova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı və Şəhla Məmmədova oynayırlar.
Tamaşada bu ailənin timsalında hansısa konkret məkan və ya fərdlərin yox, saysız ailələrin üzləşdiyi problemlərin qabarıq təzahürlərini, müxtəlif düşündürücü məqamları ilə ümumiləşdirilmiş obrazlarını görürük. Bütün sıxıntılara rəğmən tamaşanın əvvəlindən bir ümid, yeniliyin olacağına inam da var. Ailənin fərdləri pəncərə önünə düzülərək uzaqlara nəzər salır və daxili inamlarını büruzə verərək gülümsəyirlər.
Yeddinəfərlik ailənin başçısı əlini atdığı hər işdə uğursuzluq ilə qarşılaşan, buna rəğmən ümidini itirməyərək xəyallar quran, nə isə etmək istəyən ata Tarıkdır (R.Atakişiyev), ailənin əsas dayağı isə övladlarının hər birinin çox istədiyi, ərinin sədaqətli ömür-gün yoldaşı, hər bir çətinliyə dözən, təmkinli, səbirli, qayğıkeş ana Səfiyyədir (X.Süleymanova).
Tamaşada ümumi gərginliyə aram verib, təbəssüm yaradan tiplər də var. Onlar özünü Paşa qızı sayan və ömrü boyu bu xülya ilə yaşayan, öz kasıblığının intiqamını guya sürgündə olan Paşa atasının gəlişi ilə alacağına inanan xəyalpərəst Nənə (N.Həşimova), eləcə də ondan heç də geri qalmayan iki nəvəsi – Nihat (C.Məmmədov) və Özcandır (Ş.Süleymanlı).
Uğursuzluqlarla döyüşən ailənin ömrü boyu işləyib doğmalarına baxan bir oğlu da Fazildir (H.Xanlarov). Ortancıl oğul Fazil ailənin bütün ağırlığını öz çiyinlərində daşıyır, nənəsi və böyük qardaşı Nihat kimi xəyalpərəst deyil. Ailəsinin çətin, ağır həyatı onu üzür, atasına kömək durmağa çalışsa da, bəzi fikir ayrılıqları onların birgə iş qurmalarına mane olur.
Tamaşada maraqlı obrazlardan biri də ailənin yeganə qızı Sevdadır (Ş.Məmmədova). Üç qardaşın tək bacısı, ayağı şikəst olan Sevda anasının köməyi, dayağıdır, atasının çox sevdiyi əziz bir qızıdır. Nə anası kimi səbirdən, nə də atası kimi xoş xəyallardan əl çəkir. Elə buna görə də onu sevgi və evlənmək vədi ilə asanlıqla aldadan saatsaz köməkçisinin tələsinə düşür və evlərini tərk edir.
Əslində, onun bu məngənədən, sarsıntılar içində hər gün münasibətləri daha da gərginləşən ailədən çıxması, özünə ailə qurması anası və qardaşı Fazilin də ürəyindəndir. Təki içlərindən kimsə xoşbəxt olsun. Amma təəssüf ki, bu da alınmır və qız bir müddətdən sonra kor-peşman evlərinə dönür.
Bu və başqa sadə görünən səbəblərdən ailədaxili gərginlik, narahatlıq, ata və oğullar, qardaşlar arasında olan qarşılıqlı narazılıqlar getdikcə artaraq, arzuolunmaz həddə – kulminasiya nöqtəsinə çatır. Ailə dağılmağa, parçalanmağa doğru gedir. Hətta heç bir işin qulpundan yapışmaq istəməyən, qardaşı Fazilin hesabına ortada yeyib, qıraqda gəzən Nihat da evdən getmək fikrinə düşür. Sözsüz ki, bütün bunlar ananın da səbir kasasını daşırır və biz onun göz yaşları içində daxili əzablarını hiss edirik.
Amma bütün bunlara rəğmən hələ də itməyən inam və ailə bağları – məhəbbət və ümid bu ailəni parçalanmağa qoymur, onlar yenidən bir araya gələrək acı reallığın içində, özü də xəyal qura-qura yaşamağa davam edirlər. Sözsüz ki, heç vaxt itməyən ümidin ətəyindən yapışaraq.
Tamaşaçıya bütün ümidsizliklərin açarı sevgi və inamdadır ismarışını verən tamaşa alqışlarla qarşılandı.
Sonda Sumqayıt Dövlət Dram Teatrının kollektivi 55 illiyi münasibətilə, baş rejissor Firudin Məhərrəmov isə milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə ATXİ-nin fəxri fərmanları ilə təltif olundu.
Həmidə Nizamiqızı