Mədəniyyət Nazirliyi və “SUP.VC” şirkətinin birgə təşəbbüsü ilə iyulun 5-də Nizami Kino Mərkəzində “Mədəni irsin təbliğində “Virtual reallıq”dan (VR) istifadə” mövzusunda ustad dərsi keçirildi.

Ustad dərsində nazirliyin tabeliyində fəaliyyət göstərən muzey və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edirdi.

Məruzəçi Fərid Davudov diqqətə çatdırdı ki, mədəni irsin təbliğində VR tətbiqindən istifadə məsafə, qorunma məhdudiyyətləri və ya digər məhdudiyyətlər səbəbindən fiziki cəhətdən əlçatmaz ola biləcək tarixi yerləri, arxeoloji əraziləri və ya muzeyləri ziyarət etmək imkanı yaradır.

Müasir dövrdə mədəniyyət sahəsində, xüsusən də muzeylərdə VR tətbiqinin əhəmiyyətindən danışan məruzəçi bu tətbiqin dünyada artıq geniş bir şəbəkə təşkil etdiyini diqqətə çatdırdı. Ustad dərsində adıçəkilən tətbiqin istifadə edilməsi və inkişafı ilə bağlı məlumatlar əyani şəkildə nümayiş olundu.

Qeyd edək ki, "Artırılmış reallıq" (AR) və "Virtual reallıq" (VR) tətbiqlərinin müxtəlif layihələrdə istifadəsi üzərində çalışan F.Davudov 10 ildən çox təcrübəyə malikdir. O, xüsusilə muzeylərdə VR-in tətbiqi üzrə ixtisaslaşıb. Eyni zamanda "Artırılmış reallıq" sahəsində yeni xidmətlər təklif edən “Customar” şirkətinin təsisçisi və baş texnologiya məsləhətçisidir.

Lalə