Fransanın müstəmləkəsi olan ölkələrin nümayəndələri Bakıda bəyanat qəbul ediblər

 

5-6 iyul tarixlərində Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində bir sıra tədbirlər də təşkil edilib.

İyulun 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Fransanın müstəmləkəsi olan dənizaşırı ərazilərdən – Martinika, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyasından siyasətçilər iştirak ediblər.

Dəyirmi masanın yekunlarına dair bəyanat qəbul edilib. Bəyanatda diqqətə çatdırılır ki, tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verdi.

“Qoşulmama Hərəkatı beynəlxalq hüququn fundamental prinsipləri, eləcə də “Bandunq prinsipləri” və xalqların mənafeyi əsasında müstəmləkəçiliyə qarşı mübarizədə qlobal platforma kimi hələ də müstəmləkə hökmranlığına qarşı mübarizə aparan xalqları dəstəkləmək üçün yeni məqsədlər müəyyənləşdirməyi özünə borc bilib. Azərbaycan Respublikasının paytaxtı Bakıda müxtəlif dekolonizasiya hərəkatlarının fikir mübadilələri nəticəsində bu xalqların gələcəyini, hətta uzunmüddətli perspektivdə sağ qalmalarını təhdid edən müstəmləkəçilik siyasətinin zərərli olduğu vurğulanıb. Onlar dünya ölkələrini, eləcə də beynəlxalq təşkilatları, o cümlədən BMT-ni özlərinin fundamental hüquqlarına hörmətin təmin edilməsinə yönəlmiş addımları dəstəkləməyə çağırırlar”, – deyə bəyanatda bildirilir.

Tərəflər Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəliblər və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.