İyulun 5-də Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edən Prezident İlham Əliyev ona fəaliyyətində uğurlar arzulayıb. Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra Azərbaycana dövlət səfərini ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin nümunəsi kimi qiymətləndirib.

Təbrikə görə minnətdarlığını bildirən Hakan Fidan həm çalışdığı əvvəlki vəzifələrdə, həm də hazırda xarici işlər naziri kimi Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətlərinin inkişafını daim rəhbər tutduğunu qeyd edib.

Söhbət zamanı regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində gedən proseslər barədə danışıb.

Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik zəminində, “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin daim bir-birinin yanında olduqları qeyd edilib.