Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun 2023-cü ildə ilk buraxılışı işıq üzü görüb.

Toplunun bu nömrəsi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasından bir parça ilə açılır.

Topluda bu il yubileyləri qeyd olunan görkəmli saz-söz ustadları Hüseyn Bozalqanlı (M.Qasımlı. “Ustadlar ustadı”), Şair Nəbi Borçalı (E.Məmmədli. “Borçalı nəğməkarı”), Murad Niyazlı (S.Alıyev. “Ağır ellər ozanıyam”), Əkbər Cəfərov (“Sazın Əkbər möcüzəsi”) və Məmmədağa Babayev haqqında yazılar və onların şeirlərindən nümunələrlə tanış ola bilərlər.

Oxucular Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Folklor mənşəli arxaik musiqi alətlərinin yaranma səbəbləri” və “Əfsanəvi keçmişimizi qürurla gələcəyə daşıyan heyrətamiz Oğuznaməçi şair – Azər Buzovnalı”, professor İradə Köçərlinin “Qurban Səid/Məhəmməd Əsəd/Lev Nissimbaumun qəhrəmanı nəyə görə Azərbaycan dilində bayatı şikəstə oxuyur?”, araşdırmaçı Nailə Səmədovanın “Azər Buzovnalı “Oğuznamə”si”, Şəbnəm Haqverdiyevanın “Aşıq deyişmələri” toplusu haqda düşüncələr” və “Aşıq təcnislərinin ilk mükəmməl antoloji nəşrləri” kimi elmi məqalələrlə yanaşı, “Aşıq Qərib” dastanı ilə də tanış ola bilərlər.

Toplunun bu nömrəsində də Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlər barədə xəbərlər və son vaxtlar işıq üzü görmüş kitablar haqda qısa məlumatlar yer alıb.