Beynəlxalq musiqi festivalı başa çatıb
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 3-7 iyul tarixlərində keçirilən Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı başa çatıb.
Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş mahnı və rəqs ansambllarının, həmçinin Azərbaycanın musiqi kollektivlərinin, Opera və Balet Teatrı heyətinin çıxışlarını izləyiblər.
İyulun 7-də axşam “Marxal” kompleksinin Yay teatrında festivalın bağlanış mərasimi olub. Mərasimdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edib.
Konsertin əvvəlində məlumat verilib ki, Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli kimi görkəmli bəstəkarlar rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa rəqs ustaları yetişib. Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir. 2000-ci ildən ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir. Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru Xalq artisti Ağaverdi Paşayevdir.
Konsert Vasif Adıgözəlovun “Vətən süitası” ilə başlayıb. Xalq artisti Gülyaz Məmmədovanın, Əməkdar artist Ehtiram Hüseynovun, solistlər Sərxan Bünyadzadə, Vəfa Vəzirova, Samir Piriyev, Taleh Yahyayev və Nurlana Abdullayevanın, kamança ifaçısı Əməkdar artist Xəyyam Məmmədovun ifasında bəstəkar və xalq mahnıları, eləcə də rəqqasların şux və oynaq ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Konsert sona çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadəyə minnətdarlığını bildirib.
Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru Ağaverdi Paşayevə festivalın simvolik hədiyyəsi təqdim edilib.
Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı tərəfindən festivalın təşkilatçı qurumlarının rəsmilərinə və ansamblın rəhbərinə təşkilatın 30 illiyi münasibətilə xatirə hədiyyələri təqdim olunub.