13-15 iyul tarixlərində Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri keçiriləcək.

Poeziya günləri iyulun 13-də Molla Pənah Vaqifin doğma yurdu – Qazax rayonunun Yuxarı Salahlı kəndində başlayacaq.

İyulun 14-15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edəcək.

Şuşa Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb, Qarabağ xanlığının baş vəziri olub. Vaqifin Şuşada yaşadığı dövrdə bu şəhər Azərbaycanın önəmli mədəniyyət mərkəzinə çevrilmişdi.

Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında, “Xarıbülbül” və “Qarabağ” hotellərində tədbirlər keçiriləcək.

Qeyd edək ki, bu il 100 illiyi qeyd edilən Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz həmin səfər zamanı Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib və 1991-ci ilədək hər il keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Şuşanı erməni işğalından azad etdikdən sonra, 2021-ci ildən Vaqif Poeziya Günləri yenidən mədəniyyət paytaxtımızda keçirilməkdədir.