Azərbaycan Mətbuat Şurasında mərhum jurnalist, “Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadənin xatirəsi anılıb.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid Z.Hüseynzadənin qurucusu və baş redaktoru olduğu “Moderator.az” saytının 10 illiyinin qeyd edildiyi zamanı xatırladıb. O, ötən müddətdə saytın da Z.Hüseynzadə kimi Qarabağ nisgilini daşıdığını, bunu yaradıcılıq müstəvisinə yüksək peşəkarlıqla gətirdiyini bildirib. R.Məcid mərhum jurnalisti peşəsinə sadiq, sözün təəssübünü çəkən vətənpərvər həmkar olaraq dəyərləndirib. Onun qəfil vəfatının hər kəs üçün böyük itki olduğunu vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri professor Qulu Məhərrəmli mərhum jurnalistin fəaliyyəti haqqında söz açıb.

MŞ sədrinin müavini, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Moderator.az” saytının bundan sonra da fəaliyyət göstərməsinin vacibliyini dilə gətirib və bu baxımdan mərhumun jurnalist təhsilli övladı Hüseynin üzərinə böyük məsuliyyətin düşdüyünü deyib.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli də çıxışında Azərbaycanın media məkanında özünün dəst-xətti və ciddi analitik məzmunu ilə tanınmış “Moderator.az” saytının gələcəkdə daha uğurlu fəaliyyət göstərməsinin zəruriliyini bildirib.

Digər çıxış edənlər Z.Hüseynzadəni peşəkar media təmsilçisi, səmimi və qayğıkeş insan, daim dost və həmkar təəssübünü çəkən vətənpərvər jurnalist və ziyalı kimi xarakterizə ediblər, onunla bağlı xatirələrini bölüşüblər.