İyulun 11-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosunda (ATB) Milli Azərbaycan Tarixi Muzeyi (MATM) ilə turizm sahəsində əməkdaşlığa həsr olunmuş görüş keçirilib.

Görüşdə MATM-in muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafiz, dosent Məhfuzə Zeynalova, muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, ATB-nin Turizm sənayesi sektorunun müdiri Tural İbrahimov, İşgüzar tədbirlər sektorunun müdiri Səmra Quliyeva, Turizm məhsulu sektorunun mütəxəssisi Ülviyyə Səfərova iştirak ediblər.

Görüş zamanı muzeyin turizm xətti ilə daha çox ziyarətçi qəbul etməsi, bu mədəniyyət müəssisəsindəki yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin mükəmməl, unikal infrastruktura malik olan Milli Azərbaycan Tarixi Muzeyində korporativ işgüzar tədbirlərin keçirilməsi və bu sahədə fəaliyyət göstərən tərəfdaşlarla yaxından çalışmaq məqsədilə növbəti görüşlərin yəşkil edilməsi də gündəmə gətirilib. Bu məqsədlə muzey ilk dəfə olaraq ATB İşgüzar Tədbirlər Sənayesi Alyansına qoşulma imkanı əldə edib.

Görüşdə əməkdaşlıq çərçivəsində birgə keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı müzakirə aparılıb, müəyyən razılıq əldə olunub.