Vətən müharibəsi şəhidi Elşən Əhmədlinin doğum günündə məzarı ziyarət olunub. Qeyd edilib ki, Elşən Əhmədli 1997-ci il iyulun 11-də Oğuz şəhərində anadan olub. O, Vətən müharibəsi başlayan gündən döyüşüb.

Şuşa şəhərinin azad olunması uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib. Oğuz şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Oğuz şəhərindəki küçələrdən birinə şəhidin adı verilib.

***

Gəncə şəhər MKS-nin 1 saylı kitabxana filialı Vətən müharibəsi şəhidi Elnur Abdullayevin doğum günü ilə əlaqədar “Arzuları yarımçıq qalan ömür” başlığı altında xatirə günü keçirib. Çıxış edənlər Elnur Abdullayevin həyat və döyüş yolundan söz açıblar.

Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq Mədəniyyət evində şəhid leytenant Ömər Şirinovun xatirəsinə həsr edilmiş “Şəhidlər unudulmur” adlı tədbir təşkil edilib. Qeyd olunub ki, 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Ömər Şirinov həmin təxribatın qarşısını alarkən şəhid olub. Sentyabrın 14-də Goranboy rayon Zeyvə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət evində 2020-ci ilin Tovuz döyüşlərinə (12-16 iyul) həsr olunmuş “Vətən sərhəddən başlayır” adlı dəyirmi masa təşkil edilib. Tovuz döyüşləri zamanı şəhid olmuş Milli Qəhrəmanlar general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev haqqında məlumat verilib. Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

***

Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Turqut Xəlilbəylinin anım gününə həsr olunmuş tədbir keçirilib. “Vətən müharibəsinin ilk şəhid həkimi” adlı tədbirdə qeyd olunub ki, Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də müharibə başlanan gündən Füzuli rayonu istiqamətində gedən döyüşlərə qatılıb, yaralı hərbçilərimizi döyüş zonasından çıxararaq xilas edib. Oktyabrın 7-də şəhidlik zirvəsinə ucalıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.